Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Heç nə təsadüfi olmadı - Azərbaycan dastan yazmağa davam edəcək

Heç nə təsadüfi olmadı - Azərbaycan dastan yazmağa davam edəcək

Tarix: 23 Dekabr 2020 10:48

Bu gün bütün dünyanın gözü Cənubi Qafqazda baş verən proseslərdədir. Regionda yeni bir geosiyasi mənzərənin şahidi oluruq. Bu yeni geosiyasi mənzərəni yaradan tərəf heç şübhəsiz ki, Azərbaycan Ordusu, Azərbaycan xalqı və onun Ali Baş Komandanı oldu. 30 illik işğala cəmi 44 günə Ermənistanın kapitulyasiyası ilə son qoymağı bacaran Ordunun Ali Baş Komandanı müharibə gedişatında da özünü əsl lider, əsl qətiyyətli siyasətçi, güclü iradə sahibi kimi dünyaya bir daha təsdiq etdi.

Bunun nəticəsidir ki, hələ 29 il bundan əvvəl, 1991-ci ilin 10 dekabr tarixində qanunsuz referendum keçirilərək "müstəqilliyi" elan olunan Dağlıq Qarabağın 10 dekabr 2020-ci ildə işğaldan azad olunması münasibətilə Azərbaycanın Ermənistan üzərində qələbəsini əks etdirən Zəfər paradı keçirildi.

Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və "güclü dövlət" konsepsiyasını reallaşdırmağa nail oldu. Prezident bu müddət ərzində qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderə çevrildi. Və indiyə kimi Azərbaycan dövləti balanslaşdırılmış xarici siyasətə üstünlük verdi. O, 2003-cü ilin oktyabrın 1-dən Azərbaycan Prezidenti kimi fəaliyyətə başladığı ilk gündən bəri çoxsaylı siyasi, sosial, iqtisadi və s. çağırışlarla üzləşib. Heç zaman geri çəkilməyb, ani dividentləri və ya siyasi konyukturanı düşünməyib. Ən ciddi riskləri belə, zərərsizləşdirməyi, ölkəni kənardan təhdid edən güclərə qətiyyətli və iradəli cavab verməklə yanaşı, ölkə vətəndaşını narahat edən problemləri çözməyə çalışıb və bacarıb da. Bununla yanaşı biz Qarabağ savaşında əldə etdiyimiz tarixi zəfərə nəzər salanda Azərbaycanın xarici siyasətinin daha düzgün qurulduğunun şahidi oluruq. Nəticəsidir ki, Azərbaycan 44 gün ərzində edilən bütün təzyiqləri dəf etdi, onlara sinə gəlməyi bacardı.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan eyni zamanda mürəkkəb dünya iqtisadiyyatı üçün də illər ərzində öz müstəqil kursunu xeyli dərəcədə effektiv qaydada qorumuş oldu və bu müstəqil siyasət, faktiki olaraq, Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun xeyli dərəcədə artmasına şərait yaratdı.

Prezident 2018-ci ildəki paradda çıxışı zamanı "Bizim güclü orduya ehtiyacımız var. Çünki torpaqlarımız işğal altındadır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Güclü ordu Azərbaycanın müstəqil ölkə kimi yaşaması üçün, ərazi bütövlüyünün bərpası üçün əsasə şərtdir. Bu gün Azadlıq Meydanına döyüşlərdə olmuş Azərbaycan bayraqları gətiriləcək. Bu bayraqlar ki, 2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında Azərbaycan əsgəri tərəfindən qaldırılmışdır. Bu bayraqlar ki, bu ilin may ayında Azərbaycan Ermənistan sərhəddinin Naxçıvan hissəsində uğurlu əməliyyat nəticəsində işğaldan azad edilmiş torpaqlarda qaldırılmışdır. Gün gələcək, Azərbaycan Dövlət Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaq. O bayraq Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq" - dedi.

Bəli, dediyi kimi də etdi. Cəmi 2 il sonra Azərbaycan lideri heç kimin gözləmədiyi bir tarixi gerçəkləşdirməklə xalqın özünə olan inamını, milli qürurumuzu geri qaytardı. 

Bu gün 200 illik qisası almış, içindəki o yanğı bir qədər sakitləşmiş bir əsgərin, bir vətəndaşın keçirdiyi duyğuları keçiririk. Ancaq bütün bunlara baxmayaraq onların yeni bəyanatlar verərək təxribatlara baş vurması bir o qədər də o qisas daha sönməyib deyir, biz daha güclü olmalıyıq deyir.

Biz daha da qüdrətli olmalıyıq. Bütün strateji güc alətlərimizi daha da inkişaf etdirməliyik. Gələcəkdə ola biləcək təxribatların qarşısını almaq üçün risklər analiz olunmalıdır və onların əvvəlcədən qarşısı alınmalıdır. Bunun üçün də Dövlət başçısının ətrafında bundan sonra da xalq, ordu olaraq sıx birləşməli və daha böyük qələbələrə doğru inamla addımlamalıyıq. Necə ki, bunun mesajını Vətən müharibəsindən sonra Bakıda keçirilən Zəfər paradı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı verdi: "Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi altında inşəallah dastan yazmağa davam edəcəkdir".

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Heç təsadüfi olmadı Azərbaycan dastan yazmağa davam edəcək


RƏYLƏR