Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev: 2020-ci il tarixdə bizim şanlı Qələbəmiz ili kimi qalacaqdır

Prezident İlham Əliyev: 2020-ci il tarixdə bizim şanlı Qələbəmiz ili kimi qalacaqdır

Tarix: 1 Yanvar 2021 00:39

2020-ci il tarixdə bizim şanlı Qələbəmiz ili kimi qalacaqdır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib:

"2020-ci il tarixdə qalır. 2020-ci il tarixdə bizim şanlı Qələbəmiz ili kimi qalacaqdır. Azərbaycan Ermənistanı 44 gün ərzində məğlub edərək öz doğma torpaqlarını işğaldan azad etmişdir. Bu Qələbə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Bu, tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik.

Bildiyiniz kimi, 30 ilə yaxın müddət ərzində Minsk qrupu çərçivəsində danışıqlar gedirdi. Ancaq danışıqlar heç bir nəticə vermədi. Faktiki olaraq, Ermənistan bu danışıqlarda, sadəcə olaraq, vaxt uzatmaq istəyirdi. Danışıqların imitasiyası prosesi gedirdi. 2003-cü ildə mən birinci dəfə Azərbaycan Prezidenti vəzifəsinə seçiləndə bəyan etmişdim ki, mənim üçün Prezident kimi əsas vəzifə torpaqlarımızı işğaldan azad etməkdir. Prezidentlik dövrümün birinci illərində müəyyən ümidlər var idi ki, bu məsələ sülh yolu ilə həll oluna bilər. Çünki hesab edirdim ki, beynəlxalq hüququn norma və prinsipləri gözəl zəmin yaradır, bilirdim ki, tarixi ədalət bizim tərəfimizdədir. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin həlli üçün hüquqi əsas yaradırdı. Ancaq illər keçdikcə görürdüm ki, ümidlərimiz azalır və bunun səbəbi Ermənistanın fəaliyyəti idi, siyasəti idi, addımları idi. İllər keçdikcə daha aydın görünürdü ki, Ermənistan bu məsələni həll etmək istəmir. Ermənistan, sadəcə olaraq, bizim torpaqlarımızı işğal altında əbədi saxlamaq istəyir və danışıqlarda iştirak etməklə, sadəcə olaraq, görüntü yaradır ki, elə bil, danışıqlar prosesi gedir və beynəlxalq vasitəçilər də bu prosesdə iştirak edirlər. İllər keçdikcə ümidlərimiz azalırdı. Mən isə hər zaman deyirdim, son 17 il ərzində demək olar, bütün beynəlxalq tədbirlərdəki çıxışlarımda deyirdim ki, bu məsələnin həlli bizim üçün prioritetdir. Deyirdim ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq. Deyirdim ki, Azərbaycan heç vaxt imkan verməyəcək ki, tarixi, əzəli Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Deyirdim ki, biz heç vaxt qondarma "Dağlıq Qarabağ respublikası"na müstəqillik verməyəcəyik. Heç vaxt orada hər hansı bir səsvermə keçirilməyəcəkdir. Bütün bunları mən deyirdim və bu mövqe getdikcə daha da möhkəmlənirdi".


Etiketlər:  Prezident İlham Əliyev 2020 tarixdə bizim şanlı Qələbəmiz kimi qalacaqdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ