Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bunu Ermənistan rəhbərliyi nə qədər tez başa düşsə, bir o qədər yaxşıdır''

''Bunu Ermənistan rəhbərliyi nə qədər tez başa düşsə, bir o qədər yaxşıdır''

Tarix: 8 Yanvar 2021 17:24

"10 noyabr bəyanatı mahiyyət etibarilə Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən fundamental sənəddir. Bəyanatda tərəflərin öhdəlikləri birmənalı şəkildə təsbit olunmuşdur".

Bunu Sonxeber.net-a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Politoloq bildirib ki, sərhədlərimizi qanunsuz keçənlər barədə sərt tədbirlər görüləcək:

"Reallıq ondan ibarətdir ki, hələlik Azərbaycan dövləti öhdəliklərinə tam sadiq qalan yeganə tərəf kimi nəzərə çarpır. Ermənistan isə sanki 44 günlük müharibənin nəticəsində ağıllanmayıb. Elə bil ki, bu ölkənin siyasi rəhbərliyi reallıq hissini tamamilə itirib. Paşinyan iqtidarı hələ də dərk etmir ki, müharibəni davam etdirmək Ermənistanın bir dövlət olaraq məhvi ilə nəticələnə bilər. Hər halda bu səfərlərə müharibəni alovlandırmaq cəhdindən başqa bir ad vermək çətindir.

Təəssüf doğuran məqam isə ondan ibarətdir ki, 10 noyabr bəyanatına əsasən sülhə zəmanətçi ölkə qismində Qarabağa yerləşdirilmiş sülhməramlı kontingent də öhdəliklərini tam icra etməkdə aciz görünür. Azərbaycan dövləti haqlı olaraq tələb edir ki, ölkəmizin sərhədlərindən keçən hər bir əcnəbi Azərbaycan dövlətindən müvafiq qaydada icazə almalıdır. Əks halda, bu, cinayət məsuliyyəti yaradır. Azərbaycan dövləti indiyə kimi öz suveren hüquqlarından zərrə qədər də olsun güzəştə getməyib və getməyəcək də. Prezident İlham Əliyev artıq bu məsələ ətrafında bəlli dairələrə olduqca dəqiq mesajlar ötürüb. Dövlətimizin başçısı sonuncu müşavirədə qətiyyətlə ifadə etdi ki, 10 noyabr bəyanatında təsbit olunmamış heç bir fəaliyyət həyata keçirilə bilməz və əgər hansısa fəaliyyət həyata keçiriləcəksə, buna mütləq Azərbaycan dövlətinin prinsipial icazəsi olmalıdır. Deməli, sərhədlərimizi qanunsuz keçənlər barədə sərt tədbirlər görüləcək".

C.Əhmədli onu da qeyd edib ki, Ermənistanla Azərbaycanı Laçın istiqamətindən birləşdirən sərhəd-keçid məntəqəsində Azərbaycanın müvafiq dövlət qurumları fəaliyyət göstərməlidir:

"Kimliyindən asılı olmayaraq, bu ölkənin sərhədlərini qanunsuz keçməyə cəhd edən hər bir şəxs Azərbaycan qanunları çərçivəsində məsuliyyətə cəlb olunacaqlar. Bunu Ermənistan rəhbərliyi nə qədər tez başa düşsə, bir o qədər yaxşıdır.

Burada bir həqiqət də ortaya çıxdı ki, Ermənistanla Azərbaycanı Laçın istiqamətindən birləşdirən sərhəd-keçid məntəqəsində Azərbaycanın müvafiq dövlət qurumları (Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Xidməti və s.) yerləşdirilməlidir. Ölkəmizə giriş-çıxışlar tam nəzarətimizdə olmalıdır. Sabah oradan silah-sursat keçməyəcəyinə heç kim zəmanət verə bilməz. Bu istiqamətdə real addımların atılması 10 noyabr bəyanatının da ruhuna tam uyğundur. Heç bir qüvvə Azərbaycanın öz suveren ərazilərində təhlükəsizlik tədbirləri həyata keçirməsinə mane ola bilməz. Cənab Prezidentin də ifadə etdiyi kimi, biz öz milli təhlükəsizliyimizi təmin etmək üçün nə lazımdırsa, edəcəyik. Unutmasınlar ki, dəmir yumruğumuz hələ yerindədir".

Təhməz Əsədov


Etiketlər:  Bunu Ermənistan rəhbərliyi qədər başa düşsə qədər yaxşıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ