Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2021 23:51
COVID-19 xəstəliyi SARS-CoV-2 koronavirusu tərəfindən törədilən virus mənşəli infeksiyadır. SARS-CoV-2 virusu insan orqanizminə angiotenzin çevirici ferment 2 (ACE2) reseptoruna bağlanaraq daxil olur. ACE2 reseptorları tənəffüs sistemi epitel hüceyrələri, damar endotel hüceyrələri, böyrək epitel hüceyrələrində yüksək miqdarda rast gəlinir.
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, bunu uzman-patomorfoloq, Mərkəzi Gömrük Hospitalının Patomorfoloji diaqnostika şöbəsinin rəisi Zərifə Yusifli deyib.
"COVİD-19 virusu insan orqan və toxumalarında hansı dəyişiklikləri törədir" sualına cavab olaraq mütəxəssis deyib ki, məhz bu səbəblərdən xəstəlik zamanı daha çox bu orqan və toxumalar zədələnir.
• Makroskopik olaraq ağciyərdə ödem, ağciyər çəkisinin artması, yayğın qansızmalar, ağciyər arteriyasının trombla tutulması, plevral iltihabi proses görülə bilər.
• Histoloji olaraq ağciyərdə kəskin mərhələdən fibrotik mərhələyə qədər dəyişə bilən diffuz alveolyar zədələnmə müşahidə edilir.
• Ağciyər damarları və alveolyar epitelin keçiriciliyi artır.
Hüceyrəarası sahədə və alveol boşluqlarında proteinoz maye yığılması, alveol divarlarında iltihabi hüceyrələrin toplanması və fibroblastların proliferasiyasına bağlı qalınlaşma baş verir. Bu isə qaz mübadiləsinin pozulmasına, o cümlədən oksigenin qəbul edilməsinin azalmasına və hipoksemiyaya səbəb olur.
COVID-19 zamanı əsas ağırlaşmalar olaraq pnevmoniya (75%), kəskin respirator distress sindromu (15%), kəskin qaraciyər zədələnməsi (19%), ürəyin zədələnməsi (7-17%), qan laxtalanmasının artması - protrombotik koaqulopatiya (10-25%), kəskin böyrək zədələnməsi (9%), kəskin serebrovaskulyar xəstəlik (3%), şok (6%) diqqəti çəkir.
Kardiovaskulyar sistemdə - perikardial ödem və effüziya, miokard ödemi, endotelit;
Qaraciyərdə - steatoz, hepatik nekroz, endotelit;
Böyrəkdə - kəskin tubular zədələnmə, damarlarda fibrin və hiyalin trombuslar, tubulointerstisyal iltihab;
Mədə-bağırsaq sistemində - işemik enterokolit, endotelit;
Dalaqda - nekroz, atrofiya, hemorragiyalar və infarkt;
Sümük iliyində - histiositik hiperplaziya və hemofaqositoz kimi toxuma dəyişiklikləri görülə bilər.
Həmçinin hamiləlik zamanı virusa yoluxmuş pasiyentlərdən doğum sonrası incələnən plasental nümunələrdə damar zədələnməri - intervilloz tromboz və desidual arteriopatiya görülmüşdür.COVİD-19 virusu olduqca təhlükəli fəsadlara və qalıcı zədələnməyə gətirib çıxara bilər. Özünüzü, ailənizi və ətrafınızdakı insanları mühafizə etmək üçün bütün virusdan qorunma qaydalarına riayət edin.