Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2021 16:57
"Biz artıq atəşkəsdən danışmalı deyilik. Ona görə ki, müvafiq bəyanatda (10 Noyabr) artıq Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və Ermənistanla təmas xətti, cəbhə bölgəsi yox, məhz dövlət sərhəddi anlayışı var".
Bunu Sonxeber.net-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.
Polkovnik bildirib ki, biz ermənilərdən belə təxribatları həmişə gözləyirik, həmişə ayıq-sayığıq:
"Azərbaycan Vətən Müharibəsində öz torpaqlarını azad edib, ərazi bütövlüyünü bərpa edib və dövlət sərhədləri çərçivəsində bütün qonşularla olduğu kimi Ermənistanla da münasibətlərini, kommunikasiyalarını qurmaq üçün addım atıb. Amma Ermənistandan nə desəniz gözləmək olar. Ermənistanla bizim sülh müqaviləmiz yoxdur. Ermənistanda olan stabilliklə razılaşmayan müxalif, revanşist ideyalarla yaşayan qüvvələr istər daxildə, istər xaricdə hələ də Azərbaycanın qələbəsi ilə razı olmaq istəmirlər və təbii ki, müəyyən bir şəkildə təxribatlara əl atırlar.
Bildiyiniz kimi, 10 Noyabr bəyanatından sonra Ermənistan Azərbaycan ərazisində müəyyən təxribatlar törətdi. İşğaldan azad edilən ərazilərimizdə olan mülki və hərbiçilərimizə qarşı hücumlar olmuşdu. İtkilər də oldu, amma biz onlardan məhv etdiyimizi məhv etdik, qalanlarını da əsir götürdük. İndi də Ermənistan tərəfi əl-ayağa düşüb ki, güya onlar hərbi əsirdirlər. Halbuki onlar quldurdurlar. Ermənilərin bu istəyi alınmadı. Azərbaycanın müvafiq güc strukturları işğaldan azad olunmuş ərazilərdə nəzarəti müəyyən qədər ələ almaqla belə terrorçuların təxribatlarının qarşısını ala biliblər.
Biz ermənilərdən belə təxribatları həmişə gözləyirik, həmişə ayıq-sayığıq. Azərbaycanın sərhəd xidmətinin bölmələri Qazax istiqamətində də digər yerlərdəki kimi ayıq-sayıqlığını itirməyiblər və ermənilərin təxribatının qarşısını alaraq onların açdığı atəş nöqtələrini peşəkarcasına susdurmağa nail olublar. İndi sərhədlərin tanınması, onların dəqiqləşdirilməsi prosesi gedir. Artıq cənubda Ermənistanla sərhəddə bəzi yaşayış məntəqələrini artıq ermənilər tərk edərək öz sərhədləri çərçivəsinə daxil olublar. Təbii ki, Qazax istiqamətində də bu istisna olunmur və gec-tez ermənilər tərəfindən Azərbaycanın Ermənistanla şimal sərhəddində işğala məruz qalan yaşayış məntəqələri bu prosesin davamı olaraq qaytarılacaq və ermənilər o ərazilərdən qovulacaqlar.
Bu təxribatın da bir məqsədi dövlət sərhəddində müəyyən bir gərginlik yaratmaq və bu fonda yenə də KTMT-nin (Kollektiv Müqavilə Təşkilatı Komitəsi), müəyyən bir ermənipərəst dövlət başçılarının və dövlətlərin diqqətini cəlb etmək, erməni lobbilərinin fəallığına təkanverici bir səbəb yaratmaqdır. Bu fonda Ermənistanın daxilində gedən proseslərə nəzər yetirsək, hərbi-siyasi rəhbərlik indi bu proseslərə nəzarət edə bilmir. Düşünürəm ki, bu, təxribata meyilli olan ayrı-ayrı addımlardır.
Bilirik ki, Qazax istiqaməti ermənilərin mütəmadi olaraq təxribat törətməyə meyilli olduqları bir istiqamətdir. Sərhəd Xidmətinin orada yerləşən bölmələri bunların qarşısını peşəkarlıqla alıblar, cavablarını veriblər, indi də verirlər, bundan sonra da cavablarını verəcəklər. Biz bundan sonra da belə təxribatlar gözləyirik. Ancaq bunların cavabı çox sərt olacaq. Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi, biz onlara elə bir cavab verəcəyik ki, artıq bizim sərhəd tərəfə baxmağa qorxacaqlar. Düşünürəm ki, belə cavablardan birini bu gün səhər Sərhəd Xidmətinin bölmələri düşmənə layiqincə verib".
Təhməz Əsədov