Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2021 11:02
Ötən ilin sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin mərmi və raket atəşinə tutulması nəticəsində Füzuli rayonunun Mollaməhərrəmli kəndində də mülki əhaliyə, evlərə, mənzillərə ziyan dəyib.
Dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qrup tərəfindən evlərə, təsərrüfatlara baxış keçirilən zamanı mənzilinə ciddi ziyan dəymiş Mollaməhərrəmli kənd sakini olan II qrup əlil Sevinc Valeh qızı Məmmədova xəstəliyi ilə bağlı Bakıda müalicədə olub. Bu səbəbdən də onun evi qeydiyyata alınmayıb.
Sonxeber.net-a müraciət edən Mollaməhərrəmli kənd sakini Sevinc Məmmədova bildirib ki, düşmən təxribatları zamanı mənzilinə dəymiş ziyanın aradan qaldırılması üçün aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də onun müraciətinə hələ də baxan yoxdur: "Bu vaxta kimi düşmənin bir addımlığında yaşasaq da, qorxub, çəkinməmişik. Ermənilər müharibəyə kimi də nə qədər təxribatlar törətsələr də evimizi heç vaxt tərk etməmişik. Müharibə başlayandan sonra düşmənin atdığı mərminin həyətimə düşməyi nəticəsində həyətimdə yerləşən hamam bərbad vəziyyətə düşü. İkimərtəbəli yaşayış evimə ciddi ziyan dəyib, evin divarları çat verərək yaşayış üçün təhlükəli hal alıb, pəncərələr qırılıb. Həyət təsərrüfatım yararsız vəziyyətə düşüb, ev quşlarım tələf olub".
Sevinc Məmmədovanın sözünə görə, Füzuli Rayon İcra Hakimiyyəti başçısının nümayəndəsi müraciətinə "bizlik deyil" ifadəsi ilə reaksiya verib.
Sevinc Məmmədova Fövqəladə Hallar Nazirliyinə də bu vaxta kimi azı 5 dəfə müraciət ünvanlamasına baxmayaraq nazirlikdən onun müraciətinə baxılmamağından narazıdır.