Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sadıq Murtuzayev vəfat etdi

Sadıq Murtuzayev vəfat etdi

Tarix: 4 Fevral 2021 16:33

Vaxtilə Şəki, Abşeron və Ağdam rayonlarında Partiya Komitələrinin birinci katibi vəzifəsində​ işləyən, Azərbaycan Kəndli-Fermer Təsərrüfatları İstehsalat Birliyinin sədri Sadıq Murtuzayev 94 yaşında dünyasını dəyişib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə jurnalist Asif Mərzili məlumat yayıb.

"Azərbaycanın dəyərli şəxsiyyətlərindən biri, Qarabağsevər, Vətənsevər Sadıq Murtuzayev haqq dünyasına qovuşdu! Onunla təxminən bir həftə əvvəl danışmışdıq. "Ən böyük arzum Ağdamı, Şuşanı görməkdir! Var gücümü bu arzuya səfərbər etmişəm!, -demişdi. Nə yaxşı ki, bu arzusuna Ağdamı, Şuşanı azad eşidərək çatdı", - deyə A. Mərzili bildirib.

Qeyd edək ki, S. Murtuzayev vaxtilə Şəki, Abşeron və Ağdam rayonlarında Partiya Komitələrinin birinci katibi vəzifəsində işləyib.

Sadıq Murtuzayev respublikada heyvandarlığın, bağçılığın sənaye əsaslarına keçirilməsinin təşəbbüskarı olub. Dünyada ikinci, SSRİ-də isə birinci olaraq Ağdamda Çörək muzeyinin yaradılması, ilk Muğam məktəbinin, Muğam teatrının təşkil olunması da onun təşəbbüsü ilə reallaşıb. O, beynəlxalq dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsindəki xidmətlərinə görə Bolqarıstan Xalq Respublikasının Razpad şəhərinin fəxri vətəndaşı seçilib, Yubiley medalı ilə təltif olunub.

O, akademik İmam Mustafayevlə birgə yazdığı "İmam Şamil" kitabına görə Beynəlxalq İmam Şamil Mükafatları Komitəsinin Böyük qızıl medalına layiq görülüb.


Etiketlər:  Sadıq Murtuzayev vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ