Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhid polkovnikin son sözləri: Cənazəsi üzərində müqəddəs bayrağımızla şəhadətə qovuşmaq hər kəsə nəsib olmur - VİDEO - FOTO

Şəhid polkovnikin son sözləri: Cənazəsi üzərində müqəddəs bayrağımızla şəhadətə qovuşmaq hər kəsə nəsib olmur - VİDEO - FOTO

Tarix: 10 Fevral 2021 22:58

"Öləndə hamı kəfənə bükülür, amma cənazəsi üzərində üçrəngli müqəddəs bayrağımızla şəhadətə qovuşmaq hər kəsə nəsib olmur..." Bu, şəhid polkovnik-leytenant Orxan Əkbərov əsgərlərinə söylədiyi son kəlmələrdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ziyalı ailəsində doğulan Orxan hələ kiçik yaşlarından atasını - polis mayoru Nadir Əkbərovu xüsusi geyimdə görmüşdü. Atası 90-cı ilin əvvəllərində mənfur ermənilərin törətdiyi qətliamlardan danışarkən 10 yaşlı Orxan ona diqqətlə qulaq asardı. Düşmənə nifrətlə böyüyən Orxanın idmana da marağı vardı. Yarışlarda qazandığı "birincilik" hər dəfə onun Vətən, torpaq sevgisini artırırdı.

2004-cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Füzuli rayonundakı hərbi hissədə bölük komandiri kimi fəaliyyətə başlayıb. Gənc kəşfiyyatçının 20 ilə yaxın uğurlu xidməti komandanlıq tərəfindən də yüksək dəyərləndirilib və polkovnik-leytenant Orxan Əkbərov kəşfiyyat hərbi hissəsinin komandiri vəzifəsinədək yüksəlib. Sentyabrın 27-də Vətən müharibəsi başlayanda öndə gedənlərdən olub.

Şəhid anası Sevil Abdullayeva deyib ki, Orxan evə sonuncu dəfə sentyabrın 25-də gəlib: "Əlindəki telefonun zəngləri susmurdu. Oğluma bir zəng gəldi, tələsik həyətə çıxdı, danışıb qayıtdı. Qayıdan kimi dedi ki, gedirəm... Bu gün döyüş yoldaşları onun qəhrəmanlığından danışır. Sağ olsun Ali Baş Komandanımız, oğlumu Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif edib. Qürur duyuram ki, qəhrəman anasıyam".

Orxan Əkbərovun silahdaşı mayor Bəhruz Kərimov bildirib ki, Orxanın komandirliyi ilə əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad olunub. Qeyri-bərabər döyüşdə düşmənin 200-dən çox canlı qüvvəsini, silah-sursatla dolu 6 yük maşınını partladaraq məhv edib. Mühasirəyə düşəcəklərini hiss edən kəşfiyyatçı "mən bu qədər əsgər analarının gözü yaşlı qoya bilmərəm" deyərək, əsgərlərinə dərhal mövqedən uzaqlaşmağı əmr edib. Özü isə qəhrəmancasına şəhid oldu.

Şəhidin qardaşı Elnur Əkbərov da Orxanın qəhrəmanlığından danışıb. "Deyirdi ki, "siz narahat olmayın, hər şey yaxşı olacaq. Bizim kimi minlərlə oğul var ki, hər biri Vətən uğrunda canından, qanından keçməyə hazırdır". Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Mənim qardaşım Qarabağı işğalçılardan azad etdi. Şəhid Mübarizlərin intiqamını aldı", - deyə Elnur söyləyib.

Əmisi Yusif Əkbərov Orxanın son nəfəsində dediyi sözləri xatırladaraq, Vətənin belə oğulları ilə daim fəxr edəcəyini vurğulayıb.

Kiçik qardaşı Ənvər də cəbhənin ən qaynar nöqtələrində xidmətdə olub, hazırda isə mayordur. İndi bu vətənpərvər ailədə Orxanın iki nişanəsi böyüyür - Sevil və Çingiz. Onlar da tarix yazan qəhrəman ataları ilə daim qürur duyacaqlar!

Milli.Az


Etiketlər:  Şəhid polkovnikin son sözləri Cənazəsi üzərində müqəddəs bayrağımızla şəhadətə qovuşmaq hər kəsə nəsib olmur VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ