Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2021 17:48
Bakı. Trend:
“Qafqaz jurnalistləri şəbəkəsi” və “Timberwolf Phoenix” MMC-nin birgə təşkilatçılığı ilə "Xocalının anımı və Cənubi Qafqazın gələcəyi" mövzusunda onlayn formatlı dəyirmi masa keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki, Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edildiyi tədbir “Timberwolf Phoenix” MMC-nin vitse-prezidenti İrina Tsukermanın moderatorluğu ilə baş tutub. Tədbirdə Xocalı sakini, Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun qızı Yasəmən Həsənova, Avropa Parlamentinin keçmiş siyasi məsləhətçisi Rino Trombetta, siyasi şərhçi və yazar Raoul Loveri Kontrerars, Barselona Vəkillər Kollegiyasının üzvü Xaviyer Medina Ortiz, Azərbaycan Diaspor Gəncləri şəbəkəsinin üzvü, ABŞ-da yaşayan müstəqil jurnalist Arzu Jaeed iştirak ediblər.
Xocalıdan xilas olan, lakin hər iki valideyni və yaxın qohumları Xocalıda qətlə yetirilən Yasəmən Həsənova, Xocalı faciəsi baş verən zaman 12 yaşı olduğunu, bugünə qədər o qanlı gecəni unuda bilmədiyini, hər gün qulağının səsdə, gözlərinin yolda olduğunu bildirib. Anasının həmin gecə öldürüldüyünü 16 ildən sonra bilən Yasəmən Həsənova, onun erməni canilərinin əlinə əsir düşmədiyi üçün sevindiyini də dilə gətirib.
Avropa Parlamentinin keçmiş siyasi məsləhətçisi Rino Trombetta ermənilərin Xocalı qətliamındakı hərəkətlərini, II Dünya Müharibəsindən sonra hazırlanan bütün müqavilə və konvensiyaların tamamilə pozulması kimi dəyərləndirib.
Raul Loveri 2016-cı ildə nəşr etdirdiyi “Dağlarda Cinayət ” kitabından bəhs edərək, 7 min nəfər sakini olan kiçik Xocalı şəhərinin necə məhv edildiyini, silahsız mülki şəxslərin canlarını qurtarmaq üçün dəhliz vasitəsilə qaçmağa çalışdıqlarını və Ermənistan ordusu tərəfindən onlara qarşı törədilmiş vəhşiliklər haqqında geniş məlumat verdi.
Vəkil Xaviyer Medina İspaniyada Kataloniya məsələsində ayrılıq yaratmaq istəyənlərlə, hələ o zamanlar SSRİ-yə Azərbaycanı tərk etməsi üçün müraciət edən ermənilərin eyni problemləri olduğunu dilə gətirib. Katalonların və ermənilərin məqsədlərinin seperatçılıq olduğunu bildirib.
Arzu Jaeed faciənin yaxınlaşdığını görəndə atasına əvvəl onu, sonra anasını, sonra da özünü öldürməsini söyləyən beş yaşlı bir qızın hekayəsini danışıb. Azyaşlı bir uşağın bu cür düşüncələrə necə məcbur edilə biləcəyinə təccübünü gizlədə bilməyib.
Xocalının Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın mühüm strateji yaşayış məntəqələrindən biri olduğunu xatırladan natiqlər qeyd ediblər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bu şəhərdə erməni silahlı birləşmələri tərəfindən etnik azərbaycanlılara qarşı törədilmiş çinayət bəşəriyyət tarixinin ən qəddar hadisələrindən biri kimi qiymətləndirib. Dəyirmi masa iştirakçıları xalqımızın haqlı və ədalətli mövqeyini dəstəklədiklərini, Azərbaycana səfərləri zamanı ölkəmizin qədim, multikultural, tolerant və müasir dəyərlərə malik olduğunu öz gözləri ilə gördüklərini bildiriblər.