Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2021 15:30
Bakı. Ceyhun Ələkbərov - Trend:
Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən 05-14 fevral 2021-ci il tarixlərində keçirilən növbəti nəzarət tədbirləri zamanı Sumqayıt şəhərinin Xəzər dənizi sahillərində, Xaçmaz, Neftçala və Astara rayonları ərazisindəki su hövzələrində və Mingəcevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Trend-in məlumatına görə, bunu Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.
“Araşdırma zamanı brakonyerlərin Sumqayıt şəhər sakini Cəlal Nəcəfov, Xaçmaz rayon sakini Elman Vəlimətov, Neftçala rayon sakinləri Fazil Baloğlanov, Vüqar Eyvazov, Rövşən Məmmədov, Mətləb Bağırov, Balakən rayon sakini Nizami Gəncəyev, Zaqatala rayon sakini Adil Ağayev, Astara rayon sakini Kamran Əsədullayev və Mingəçevir şəhər sakini Emin Mustafayev olduğu məlum olub. Faktlarla bağlı qanun pozucuları barəsində protokollar tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb”.
B.Məhəmmədov qeyd edib ki, qanunsuz balıq ovu ilə yanaşı, icazə verilməyən ərazilərdə quş ovu ilə məşğul olan Naxçıvan şəhər sakini Hüseyn Salayev, Yevlax rayon sakini İlqar Məmmədov, Abşeron rayon sakini Ərşad Əliyev, Sumqayıt şəhər sakini Zaur Şirinov saxlanılıb və barələrində protokol tərtib edilərək cərimələnib.
“Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdiyi birgə nəzarət tədbirləri zamanı isə Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan Sabirabad rayon sakini Oktay Əliyev saxlanılıb. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından hazırda Su Nəqliyyatında Polis İdarəsi tərəfindən təhqiqat aparılır”.