Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycanın iqtisadi gücü həmin əraziləri bərpa etmək üçün yetərli səviyyədədir''

''Azərbaycanın iqtisadi gücü həmin əraziləri bərpa etmək üçün yetərli səviyyədədir''

Tarix: 16 Fevral 2021 17:15

İşğaldan azad edilmiş bölgələrimizə Prezident İlham Əliyevin hər səfəri bu torpaqlarda Ermənistanın 30 il ərzində törətdiyi vəhşiliklər torpaqlarımızın məruz qaldığı qeyri-insani münasibətin nəticələri barədə məlumatları Azərbaycan xalqına və dünya ictimaiyyətinə təqdim etmək baxımından çox əhəmiyyətlidir.

Bunu Sonxeber.net-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, Prezident Güləbird kəndində səsləndirdiyi fikirlər həm Azərbaycan xalqına, həmdə dünya ictimiyyətinə maraqlı mesajlar verdi:

"Prezidentin hər dəfə səfərlərində ermənilərin bu torpaqlarda törətdikləri ilə bağlı yeni məlumatlar alırıq. Bu da erməni vandalizminin əsl obrazını və simasını tanıtmaqda və tanımaqda öz əhəmiyyətli rolunu oynayır. Prezidentin bu nöqteyi nəzərdən Laçın rayonunun bəzi kəndlərinə sonuncu səfəri, o cümlədən Güləbird kəndində səsləndirdiyi fikirlər bir neçə nöqteyi nəzərdən təqdirəlayiqdir. Burada xüsusilə Azərbaycanın işğaldan azad edilmiş bölgələrinin sona qədər bərpa olunacağı və bu ərazilərdə, sözün həqiqi mənasında, cənnət-məkan yaradılacağı ilə bağlı Prezidentin dedikləri fikirlər həm Azərbaycan xalqı üçün, həm dünya ictimaiyyəti üçün çox əhəmiyyətlidir, strateji təsir gücünə malikdir. Çünki hər şeydən əvvəl həm Azərbaycan xalqı, həm də dünya ictimiyyəti bu qədər böyük vəhşiliklərdən və dağıntılardan sonra həmin əraziləri bərpa etməkdə iddial olan Azərbaycan dövlətinin gücü ilə bir daha tanış olurlar. Bir daha əmin olurlar ki, ermənilər bu əraziləri nə qədər böyük dağıntılara məruz qoysalar da, amma həmin əraziləri bərpa etmək istiqamətində Azərbaycan dövlətinin iradəsi və iqtisadi gücü yetərli səviyyədədir". 

A.Quliyev deyib ki, Azərbaycan dövləti işğaldan azad edilən ərazilərdə həm kənd təsərüffatı üçün yararlı olan torpaqların yenidən istifadəyə qaytarılması, həm də dağıdılmış şəhər və kəndlərin bərpa edilməsi istəyindədir:

"Güləbird kəndində açılışı edilən Su Elektrik Stansiyası Azərbaycanın həmin bölgədəki generasiya gücünə yeni güc qatmaq baxımından çox əhəmiyyətlidir, həm də bir daha rəy yaradır ki, Ermənistanın quldur silahlı dəstələri bu ərazilərdə 5-dən artıq SES-in fəaliyyətini məhv etməklə Azərbaycana nə qədər böyük ziyanlar vurublar və nə qədər böyük ərazilər ucuz, təbii enerji istehsalından məhrum olub. Prezidentin səfərində səsləndirdiyi "Təkcə Laçında və Kəlbəcərdə dağıdılmış SES-in bərpası Azərbaycana əlavə 120 mqv generasiya gücü verəcək" fikrinin özü çox əhəmiyyətlidir və Azərbaycanın işğaldan azad edilmiş bölgələrinin bütün potensillarının üzə çıxarılmasında nə qədər maraqlı və buna qadir olduğunu göstərir. Yəni, Azərbaycan dövləti həmin ərazilərdə həm kənd təsərüffatı üçün yararlı olan torpaqların yenidən istifadəyə qaytarılması, həm dağıdılmış şəhər və kəndlərin bərpa edilməsi, əvvəlkindən də artıq, gözəl bir görüntüyə qaytarılması gücündə və marağında olduğunu göstərir, həm də bu ərazilərdə alternativ enerji mənbələrini nə qədər həvəslə yenidən istifadəyə qaytarmaq istəyində olduğunu nümayiş etdirir. Çünki bu ərazilərdə SES-lər başqa bölgələrimizdəki nisbətən baha şəkildə istehsal olunan elektirk enerjisindən çox əlverişlidir. Çünki təbii su ehtiyatlarının üzərində hasil olunan elektrik enerjisidir. Bir sözlə, işğaldan azad olunmuş ərazilərdə, xüsusilə alternativ enerji mənbələrinin hərəkətə gətirilməsi, yeni alternativ enerji mənbələrinin yaradılması və bu ərazilərin həm ekoloji cəhətdən bərpa olunması, həm də insanların yaşayış nöqteyi nəzərindən bərpa olunması sahəsində Prezidentin söylədiyi fikirlər Azərbaycan xalqına maraqlı mesajlardır və dövlətimizin işğaldan azad olunmuş ərazilərlə bağlı nə qədər aydın, dəqiq strategiyaya malik olduğunu göstərir".

Təhməz Əsədov


Etiketlər:  Azərbaycanın iqtisadi gücü həmin əraziləri bərpa etmək üçün yetərli səviyyədədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ