Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Başqalarına zülm etməyin aqibəti

Başqalarına zülm etməyin aqibəti

Tarix: 21 Fevral 2021 23:56

(Ayətullah Məzahirinin əxlaq dərslərindən)

İmam Hüseyn (ə) həyatının son anlarında İmam Səccada (ə) belə vəsiyyət edir: "Oğlum! Allahdan başqa yavəri olmayan kəsə zülm etməkdən çəkin".

İmamın (ə) buyurduğu hədis ancaq öz zamanına aid deyildir. Bu hədis bütün zamanlara aiddir. Ona görə bu hədisi oxuyan zaman zehnimiz ancaq Şimr (lən), Ömər Səəd (lən) kimilər haqqında düşünməsin, əslində gərək diqqətli olaq ki, özümüz onlar kimi olmayaq. Müsəlmanı müdafiə etmək - vaciblərin vacibidir. O kəsin ki, yavəri yoxdur - onu müdafiə etməmək böyük günahdır. Bununla yanaşı, cəzası da vardır.

Bəzi zamanlarda saleh insanlar məhz bu əməli yerinə yetirmədiklərinə görə giriftar olurlar. Yəni, bir başqası haqqında töhmət və qeybət eşidirlər və onu müdafiə etmirlər. Nəticədə zülm etmiş olurlar.

Allah Təala saleh insanlarını behiştə aparar. Onların paklanması üçün ya xəstəlik göndərər, ya da başqa bəlalar ilə onu paklayar. Bu, mahiyyətcə Allahın bəndəsinə etdiyi lütfdür.

Hər kim bir başqasına zülm edərsə, dünya bəlaları ilə yanaşı, bərzəx aləmində və Qiyamət günü də cəzalanar. Bərzəx aləmi və Qiyamət o kəslər üçün ki, qeybət ediblər, töhmət vurublar, ya bu qeybəti eşidib müfadiə etməyiblər - çox çətin olacaqdır. Allah Təala bəndələrinə xitab edər ki, bu cəzalar - sizin öz əməllərinizin nəticəsidir. "Bu (əzab) öz əllərinizlə qabaqcadan göndərdiyiniz işlərə görədir, yoxsa Allah əsla bəndələrə zülm edən deyildir". ("Ali-İmran" 182).

Ona görə insan bu günahlarına görə tövbə etməlidir - əks halda cəzalanacaqdır. Əgər günahkar insanlar tövbə etmədən dünyadan gedərsə, cəhənnəmdə o zamana qədər yanarlar ki, pak olarlar. Behiştə getmək ləyaqəti əldə edərlər.

Əslində Allah cəhənnəm vasitəsilə bəndələrini paklayar və behiştə qaytarar. Əgər insan zalım olarsa və əgər Allahdan başqa yavəri olmayan birinə zülm edərsə, onun yeri cəhənnəmdir.

"Allah onların hamısını dirildəcəyi gün (orada da müsəlmanlıqlarını isbat etmək üçün) Allaha and içəcəklər, necə ki, (dünyada) sizin üçün and içirlər və bununla özlərinin bir şeydə olduqlarını güman edərlər (nifaqlarını möhkəm bir özül bilirlər). Agah ol ki, onlar həmin yalançılardır". ("Mücadilə" 18).

Bu insanlar Qiyamət günü hər şeyi inkar etməyə çalışacaqlar. Hətta deyəcəklər ki, bu əməl dəftəri mənim deyildir.

Zülm üzərindən zülm və günah üzərindən günah etmək insanı o yerə gətirib çatdırar ki, insanları dünyada aldatdıqları kimi, Allahı da axirətdə aldatmağa çalışacaqlar. Əgər bu cür insanlar dünyada az bir müddətdə müvəffəq olsalar da, başqaları gərək düşünməsinlər ki, Allah onların xeyirini istəyir və ona görə onlara nemət əta edir. Əslində Allah onlara möhlət verir ki, bacardıqları qədər günah etsinlər və zülmlərinin sayını artırsınlar.

"Küfr edən kəslər onlara verdiyimiz möhlətin öz xeyirlərinə olmasını güman etməsinlər. Əslində Biz onlara (başa düşmələri üçün) möhlət veririk (lakin sonda bu, səbəb olur) ki, onlar (öz) günah(ların)ı artırsınlar. Onlar üçün alçaldıcı bir əzab vardır". ("Ali-İmran" 178).

Ona görə hamı diqqətli olmalıdır ki, bir başqasına zülm etməsin. Əgər kiməsə zülm edərsə və ya məzlumu müdafiə etməzsə, tez bir zamanda tövbə etsin.


Etiketlər:  Başqalarına zülm etməyin aqibəti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ