Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2021 14:44
Ən çox hansı məktəblərdə yoluxma faktları qeydə alınırsa və yoluxan müəllimlərdən hər hansısa biri müxtəlif siniflərdə olsursa, həmin məktəb birbaşa karantinə alınır. Yox, deyək ki, yoluxan müəllim yalnız bir sinifdə olursa, bu zaman həmin sinif karantinə alınır, digərlərinin isə fəaliyyəti davam edir.
Bunu Sonxeber.net-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
Ekspert bildirib ki, yaxın gələcək üçün respublika üzrə təhsil müəssisələrinin bağlanması gözlənilmir:
"Ölkəmiz üzrə yoluxma halları gündəlik 200 rəqəminin altındadır və düşünmürəm ki, qarşıdakı vaxtda bu tendensiya davam edərsə, məktəblər qapadılsın.
Burada ziddiyətli məqam var. Ötən ilin fevral ayının sonlarına doğru bəlli oldu ki, ölkəmizdə bir-iki nəfər koronavirusa yoluxmuş şəxs var. Və tədricən mart ayının 2-dən etibarən dərslər distant formaya keçdi. Həmin iki nəfərə görə ölkədə ümumi distant formada təhsilə keçid olsa da dünən açıqlanan statistikanı, həftə içində digər günlərdəki statistikanı nəzərə alsaq, məntiqlə məktəblər bağlanmalıdır, ənənəvi təhsil forması davam etməməlidir. Amma bunun əksinə olaraq bu qədər yoluxmanın qarşılığında təhsil müəssisələri ənənəvi qaydada fəaliyyətlərini davam etdirirlər.
Ölkəmizdə vaksinasiya prosesi də həyata keçirilir. Eyni zamanda, artıq ölkə əhalisinin təxminən 3 milyonundan test götürülüb. Bütün bu amilləri nəzərə aldıqda diqqət yetirmək olar ki, qarşıdakı vaxta ənənəvi təhsilin ümumi respublika üzrə bağlanması elə də real görünmür. Yalnız gündəlik yoluxma sayı 400-500 həddinə qalxarsa, biz buna üçüncü dalğa deyirik, o zaman bağlana bilər. Amma bu da yaxın gələcək üçün gözlənilmir.
Belə halların yaşanmaması üçün, ilk növbədə, bütün təhsil müəssisələri, eyni zamanda valideynlər izolyasiya qaydalarına riayət etməlidirlər, qoruyucu maskadan istifadə olunmalıdır, tibbi spirtlərdən istifadə olunmalıdır, bədən temperaturları yoxlanılmalıdır. İstər müəllim, istər şagirdlərdə hərarət əgər 37 dərəcənin üstündədirsə, onlar auditoriyalara buraxılmamalıdır.
Yaxşı olardı ki, müəllimlərin vaksinasiya prosesi başlanılsın. Çünki ölkəmizdə kifayət qədər müəllim kontingenti var. Dərslərin ənənəvi formada aparılmasını və müəllimlərin həssas qrupa daxil olmasını nəzərə alsaq, bilərik ki, vaksinasiya prosesinin tez başlanılması bir o qədər əhəmiyyətlidir. Bütün bu proseslərə əməl olunarsa, düşünmürəm ki, təhsil yenidən ənənəvi formadan distant formaya qaytarılsın".
Təhməz Əsədov