Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Köçəryan, Sarkisyan həbsxanada cəza çəkmək əvəzinə prezident oldular'' - Arye Qut

''Köçəryan, Sarkisyan həbsxanada cəza çəkmək əvəzinə prezident oldular'' - Arye Qut

Tarix: 27 Fevral 2021 12:03

"Bütün bu illər ərzində biz Xocalıdakı soyqırım aktına ürəkdən acıyırdıq".

Bunu Sonxeber.net-a Xocalı soyqırımı qurbanlarının 29-cu ildönümü ilə bağlı açıqlamasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və İsraildə Azərbaycan Evinin rəhbəri Arye Qut deyib.

O bildirib ki, Xocalı şəhərinin mülki əhalisinin kütləvi şəkildə, bilərəkdən məhv edilməsinin yeganə səbəbi bütün sakinlərin azərbaycanlı olması idi:

"Biz Holokostu yaşamış bir xalq kimi Azərbaycan xalqının ağrı-acısını çox gözəl başa düşürük. Ermənistan Azərbaycan ərazilərinin 20 faizini, o cümlədən Dağlıq Qarabağ və ona bitişik yeddi Azərbaycan rayonunu 28 ildən artıq işğal altında saxlayıb. Dağlıq Qarabağın Azərbaycanın tarixi hissəsi olması hamıya məlum faktdır. Mən Xocalı soyqırımını yaşayan sakinlərlə dəfələrlə İsrail KİV-lərinin nümayəndələri ilə birgə görüşmüşəm. İnanın, onlar ermənilərin qəddarlığı və vəhşiliyi barədə elə dəhşətli sözlər danışırdılar ki, bu barədə hətta yazmaq və o sözləri dilə gətirmək belə ağır idi. O fevral gecəsində Azərbaycanın Xocalı şəhərində baş verən bütün hadisələr sənədli videomateriallarla, həmin vaxt şəhərdə olan şahidlərin, əcnəbi jurnalistlərin və ekspertlərin ifadələrində təsdiqini tapıb. Xocalı şəhərinin mülki əhalisinin kütləvi şəkildə, bilərəkdən məhv edilməsinin yeganə səbəbi bütün sakinlərin azərbaycanlı olması idi. Xocalı soyqırımı aktının dəhşətli səhifələri barədə bütün bu tarixi faktlar mənim atamla həmmüəllifi olduğumuz "Ağrı" bədii-sənədli romanında öz əksini tapıb".

Arye Qut onu da əlavə edib ki, Xocalı qatilləri beynəlxalq məhkəmələrdə mühakimə edilməlidirlər:

"Xocalıdakı soyqırım aktının təşkilatçıları, ideoloqları və təhrikediciləri hələ də açıq şəkildə ittihamdan və məhkəmədən boyun qaçırmağa nail olurlar. Buna görə də Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan və digərləri həbsxanada cəza çəkmək əvəzinə prezident, nazir oldular, hətta xarici ölkələrdə də onları qəbul edib ordenlərlə təltif etdilər. Lakin Xocalıda soyqırım aktının təşkilatçılarını azərbaycanlılar tərəfindən cəzalandırılmaq qorxusu heç vaxt tərk etməyib.

Biz həlak olanlar üçün təəssüf edirik, onların ruhunu anırıq, qisas deyil, ədalət tələb edirik! Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyası məhz ona görə belə adlanır ki, ədalət əsas yer tutur, bu, hərbi cinayətlərdə, insanlığa qarşı cinayətlərdə və Xocalıdakı kütləvi qətllərdə günahı olanların əməllərinə görə cavab vermələrinə çağırışdır. Cinayətkarlar beynəlxalq məhkəmə qarşısında durmalıdırlar".

Təhməz Əsədov


Etiketlər:  Köçəryan Sarkisyan həbsxanada cəza çəkmək əvəzinə prezident oldular Arye


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ