Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Düşmən havaların qızmağını gözləyir - Ermənistan Qarabağda təxribata hazırlaşır

Düşmən havaların qızmağını gözləyir - Ermənistan Qarabağda təxribata hazırlaşır

Tarix: 12 Mart 2021 17:12

"Azərbaycan ərazi bütövlüyünü bərpa edib, torpaqları işğaldan qurtarıb. Ancaq hələ də gözü orada olan, vəziyyəti yenidən gərginləşdirməyə meyilli olan qüvvələrdən biz hələ xilas olumamışıq".

Bunu Milli.Az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

Polkovnik bildirib ki, Rusiya sülhməramlılarının bəzi icraçılarının öz vəzifələrini layiqincə yerinə yetirməməsi bizə maneə törədir:

"İstər Ermənistanın özündə, istər Ermənistandan xaric, istər xırda dövlətlərin, istər böyük dövlətlərin nümayəndə heyətlərinin tərkibində olan erməni diasporasının üzvləri vəziyyəti yenidən gərginləşdirmək istiqamətində öz fəallıqlarını əsirgəmirlər. Və Ermənistanı silahlandırmaq, ordu yaratmaq, hansısa revanşist fikirlərlə, miflərlə hələ də yaşamağa davam edirlər. 

Uduzmağı da bacarmaq lazımdır. Ancaq Ermənistanda indi davam edən proseslər onu göstərir ki, onlar o qədər özlərini itiriblər ki, heç özləri özlərini tapa bilmirlər. Ermənistan qarışıq vəziyyətdədir. Bu fonda hər hansı bir addımlar ola bilər, ancaq hər hansı bir "xidmət" adı ilə Azərbaycana daxil olan silahlı qruplar varsa, biz bunu istisna etmirik. Çünki bildiyiniz kimi, hələ müharibədən öncə Ermənistan məhz partizan hərəkatına keçməsi ilə əlaqədar müəyyən tədbirlər görürdülər, sığınacaqlar hazırlayırdılar, kurslar keçirdilər, düşərgələr təşkil edirdilər, insanları bu təlimlərə cəlb edirdilər. Ola bilsin ki, hansısa erməni diasporası muzdlular vasitəsi ilə təxribat törətmək üçün orada qalanları maliyələşdirsinlər. Bununla bağlı Azərbaycanın müvafiq güc strukturları Müdafiə Nazirliyinin bölmələri ilə birgə tədbirlər həyata keçirir. Güc strukturlarımızda yetərli qədər professional var ki, onlar təxribat planlaşdıran düşmən qruplarını aşkar etməklə məşğuldurlar, izləyirlər, məlumat toplayırlar, nəzarət edirlər. Biz təhlükəsizlik tədbirləri çərçivəsində məhz həmin silahlı qruplarla da, terrorçularla da mübarizəni nəzərdə tuturuq.

İndi hava şəraiti onlar üçün, "fəaliyyət" üçün imkan yaratmır. Düşünürük ki, ola bilsin havalar qızdıqca təxribat qrupları müəyyən şəkildə aktivləşə bilərlər və bu, istisna edilmir. Amma bu irimiqyaslı hərəkat deyil, onlar xırda qruplardır, təxribatçılardır, terrorşulardır. Bununla bağlı Azərbaycanın güc strukturları lazım olan işləri görürlər. 

O biri tərəfdən təəssüflər olsun ki, bizə maneə törədən məsələ Rusiya sülhməramlı qüvvələrinin bəzi icraçılarının öz vəzifələrinə layiqincə yanaşmamasıdır. Hətta bəzən onlar sülhməramlılar vasitəsi ilə Laçın koridorundan təəssüflər olsun ki, hansısa yollarla Azərbaycan ərazisinə daxil olurlar. Ancaq sülhməramlılar bu məsələdə ciddi və diqqətli olsaydılar, gələcək təxribatların sayı ola bilsin ki, azalardı. 

Bilirik ki, Cənubi Qafqazda qaynar nöqtənin qalmasında maraqlı qüvvələr var. Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında da bu məsələyə münasibət bildirdi və dedi ki, əgər kimsə ümumiyyətlə çalışsa ki, bir təxribat törətsin, Azərbaycana göz diksin, bizim dəmir yumruğumuz onları əzməyə həmişə hazırdır. İndi əsas odur ki, biz ərazi bütövlüyümüzü bərpa etmişik və işğalçıları buradan qovmuşuq. Qarabağda hər an hər şey baş verə bilər. Ona görə Azərbaycan ehtiyatını əldən vermir. Bununla əlaqədar böyük işlər gedir. Bütün ərazilər həm pilotsuz uçuş aparatları ilə, həm digər texniki vasitələrlə, həm də bu işlərlə məşğul olan güc strukturları ilə bu məsələlər götür-qoy edilir. Təxribat törədilə bilinəcək istiqamətlər müəyyənləşdirilir, istiqamətlərdə diqqət, nəzarət daha da çoxalır və düşünürəm ki, Azərbaycanın aidiyyatı qurumları bu vəzifənin öhdəsindən layiqincə gələcəklər. 

Artıq "status" barədə çox danışılmır, artıq Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə azərbaycanlıların qaytarılması, orada infrastrukturun bərpa edilməsi məsələləri müzakirə edilir. Bunlar üçün zaman lazımdı, amma bu zamandan təxribat törətmək istəyən qüvvələr də yararlanmaq istəyəcəklər". 

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Düşmən havaların qızmağını gözləyir Ermənistan Qarabağda təxribata hazırlaşır


RƏYLƏR