Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xaos üçün qaçanlar...

Xaos üçün qaçanlar...

Tarix: 13 Mart 2021 12:00

Vətən Müharibəsi nəinki 44 günün içində bölgədəki geosiaysi reallığa, eləcə də, ölkədaxili siyasi proseslərə ciddi şəkildə təsirini göstərdi. Ölkədəki siyasi islahatların partiyalararası geniş dialoq aparılmadan həyata keçirilməyəcəyini anlayan partiyaların böyük əksəriyyəti müsbət cavab verərək, siyasi dialoqa qoşuldular. Vətən Müharibəsi edən bir xalqın siyasi elitasına da bu yaraşardı. Lakin təəssüf ki, bütün məsələlərdə qərəzli və cığal mövqe tutan bəzi qüvvələr milli maraqlarımızın, suverenliyimizin taleyi ilə bağlı mübarizə apardığımız bu vacib mərhələdə də siyasi dialoq məsələsində öz mahiyyətlərini bir daha ortaya qoydular. 

Müharibənin aktiv fazası başa çatsa da, savaş daha kəskin mərhələsinə qədəm qoyub. Belə ki, istər II Qarabağ müharibəsi zamanı, istərsə də müharibədən sonra informasiya hücumuna məruz qalan Azərbaycana qarşı nə qədər çirkin kampaniyalar aparıldığı istisna edilmir. O da istisna edilmir ki, gələcəkdə də bu cür kampaniyalar davam etdiriləcəkdir. Ölkəmizin imicini aşağı salmaq, ölkə daxilində inamsızlıq yaratmaq, saxta faktlar ortaya atmaq kimi bu kampaniyaların isə sirr deyil ki, bir məqsədi var - ölkədə çaxnaşma, xaos şəraiti yaradıb, hansısa xarici dairələr üçün zəmin yaratmaq.

İndiki şəraitdə milli maraqları və həmrəyliyi gözardı edən radikal qruplaşmalar dialoqdan imtina etməklə, əslində, bir daha Azərbaycanın milli maraqlarına xidmət etməkdən imtina etdiklərini göstərmiş olurlar. Növbəti siyasi proseslərdə özlərinin əleyhinə çevrilən radikalların bu addımları çox təəssüf ki, Azərbaycan dövlətinin, Azərbaycan xalqının maraqlarına qarşı müxalifətçilikdən başqa bir şey deyil. Ancaq dialoq mühiti və əhval-ruhiyyəsi indiki tarixi mərhələdə milli maraqlarımızı vahid siyasi müstəvidə müdafiə edə bilmək baxımından həm olduqca əhəmiyyətlidir, həm də bir fürsətdir. Tariximizin ən parlaq səhifələrindən birinə çevrilən Vətən müharibəsi dövründə vahid mövqe nümayiş etdirən 50 siyasi partiya birlik nümayiş etdirərək Azərbaycanın siyasi sisteminin milli məsələlərdə həmrəy olduğunu hər kəsə göstərdi.

Hər bir Azərbaycan vətəndaşı siyasi mövqeyindən və düşüncəsindən asılı olmayaraq, yaranan bu fürsəti layiqincə dəyərləndirməyə çalışdığı bir vaxtda "Milli Şura" adı altında birləşən radikal müxalifət iqtidarla dialoqdan qaçır. Artıq hər kəsə məlumdur ki, YAP-ın VII qurultayı nəticəsində Yeni Azərbaycan Partiyasında bir sıra yeniliklər oldu. Yeniliklərdən biri o oldu ki, partiya daha mobil, daha fəal ictimai-siyasi həyata hazır olmalıdır. Milli maraqları müdafiə edənləri yarı yolda qoyacaq sürətləri hesabına xalqdan bu qaçışla daha da uzaqlaşan radikalların finişi isə göründüyü qədər uzaqda deyil.

Təhməz Əsədov


Etiketlər:  Xaos üçün qaçanlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ