Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2021 16:34
Pandemiya dövründə toyların keçirilməsinə qoyulan qadağa və nikah hallarının azalması doğum göstəricisinə təsirsiz ötüşməyib. Kiçik bir statistika ilə vəziyyətə nəzər salaq. 2019-cu ildə 141 min 179 körpə doğulmuşdusa, bu rəqəm 2020-ci ildə 126 min 571 olub. Doğum sayının bu qədər azalmasının başqa bir səbəbi qadınların COVID 19-un gətirəcəyi bəlalardan qorxaraq hamiləlikdən imtina etməsidir.
Sonxeber.net Xezerxeber-ə istinadən bildirir ki, Ölkə üzrə 2018-ci ildə 138 982 körpə dünyaya gəlib. 2019-cu ildə bu rəqəm 2197 nəfər artaraq 141179 olub. 2020-ci il üçün isə vəziyyət bir qədər fərqlidir. Cəmi, 126 571 körpə doğulub ki, bu da ötən illər ilə müqayisədə 10-11% azalma deməkdir.
Elmi-Təqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi işçisi, həkim ginekoloq Aytən Bədəlova deyir ki, doğuşların sayının azalmasının əsas səbəbi 2020-ci ilin mart ayından başlayan pandemiyadır. Qoyulan qadağalar fonunda nigahlar ilə yanaşı, dünyaya gələn körpələrin sayı da ötən illər ilə müqayisədə azalıb.
Həkim deyir ki, doğuşların sayının azalmasının başqa bir səbəbi isə qadınların pandemiyanın gətirdiyi bəlalardan qorxaraq, bu dönəmdə hamiləlikdən imtina etməsidir.
Qeyd edək ki, 2019-cu ildə ölkə əhalisinin sayı 85 651 nəfər və ya 0,9 faiz artsa da, 2020-ci il üçün ölkə əhalisinin sayında cəmi 52 025 nəfər və ya 0,5 faiz artım müşahidə olunub. Bu da onu göstərir ki, pandemiyanın yayıldığı ötən dövr ərzində əhalinin artım tempi 0,9 faizdən 0,5-ə düşüb.