Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2021 15:48
Azərbaycan və İsrail arasında informasiya texnologiyaları, kənd təsərrüfatı, su sektorunun idarə edilməsi və səhiyyə sahələri üzrə əməkdaşlıq üçün böyük potensial var və bu istiqamətlər üzrə fəal dialoq aparılır.
Azərbaycan İqtisadiyyat Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, qeyd olunan məsələlərə ötən gün keçirilən İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının illik iclasında toxunulub.
Biznes nümayəndələrinin də iştirak etdiyi tədbirdə çıxış edən İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun Palatanın ötən ilki fəaliyyəti, İsrail dövləti və Azərbaycan arasında ticarət, humanitar və digər sahələrdə əlaqələrin inkişafına yönəlik tədbirləri, 2021-ci ilə dair planları barədə məlumat verib.
Azərbaycan Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Palatanın fəaliyyətini yüksək qiymətləndirib.
Qeyd edib ki, Palata ölkələr arasında iqtisadi əlaqələrin inkişafı, eləcə də dövlət-özəl işgüzar dialoqun təşviqi üçün əhəmiyyətli platformadır.
Son iki ildə Palatanın aktiv fəaliyyətini vurğulayan nazir qurumun biznes dairələri arasında əlaqələri dərinləşdirməyə istiqamətlənmiş bir sıra təşəbbüslər irəli sürdüyünü bildirib.
M. Cabbarov pandemiya səbəbindən ikitərəfli ticarət əlaqələrində müəyyən geriləmənin olmasına baxmayaraq, iqtisadiyyatın müxtəlif sahələrində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətin davam etdirildiyini vurğulayıb.
Nazir azad edilmiş ərazilərimizin bərpası prosesində əməkdaşlıq, postpandemiya dövründə aparılacaq iqtisadi islahatların istiqamətləri barədə fikirlərini bölüşüb.
İsrailin Azərbaycandakı səfiri Corc Dik ölkələr arasında yüksək siyasi və iqtisadi əlaqələrin olduğunu vurğulayaraq, Palatanın əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfə verdiyini qeyd edib.
Sonra İsrail Xarici İşlər Nazirliyinin Asiya və MDB ölkələri ilə iqtisadi əməkdaşlıq departamentinin direktoru Mixail Lotem "İsrail-Azərbaycan iqtisadi münasibətləri və postpandemiya dövründə yeni imkanlar" mövzusunda təqdimatla çıxış edib.
İclasda İsrail-Azərbaycan iqtisadi-ticarət əlaqələrinin inkişafı barədə müzakirələr aparılıb.