Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Co Baydenin Prezident İlham Əliyevə ünvanladığı məktubun TƏHLİLİ

Co Baydenin Prezident İlham Əliyevə ünvanladığı məktubun TƏHLİLİ

Tarix: 19 Mart 2021 10:39

"ABŞ-ın 46-cı Prezidenti Co Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə Novruz bayramı ərəfəsində ünvanladığı məktub bir sıra amillərlə yadda qalıb. Burada həm əməkdaşlığın sülhə sadiqliyi vurğulanır, eyni zamanda Azərbaycan xalqına bayram münasibətilə təbriklər ünvanlanır".

Bunu Sonxeber.net-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, ABŞ-Azərbaycan münasibətləri həm də təhlükəsizlik nöqteyi nəzərdən mühüm əhəmiyyət kəsb edir:

"Təbriklə yanaşı məktubun iqtisadi və siyasi tərəfləri var. 44 günlük müharibədən sonra dəyişən yeni geosiyasi reallıqlar formalaşıb. Bu reallıqları həm dünyanın aparıcı dövlətləri, eləcə də güc mərkəzləri qəbul edir, onunla hesablaşırlar. Eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq istiqamətində fəaliyyətdə də maraqlıdır. Eyni zamanda tərəflərə yardım etməyə, firavan və dinc gələcək naminə həm Ermənistan, həm də Azərbaycan arasında barışığın təşviq olunmasında bir sıra təşəbbüslərlə çıxış edib və burada həmin təşəbbüslərə də sadiqlik mesajları verilir. 

ABŞ-Azərbaycan münasibətlərinin aparıcı istiqamətlərindən biri də enerji sahəsində olan tərəfdaşlıqdır. Eyni zamanda ABŞ Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı ölkəmizin səylərini dəstəkləyir. Azərbaycan mühim neft və qaz layihələrinin təşəbbüskarı və icraçısıdır. Azərbaycan həm də Avropa Birliyinin enerji təhlükəsizliyində mühüm faktor kimi çıxış edir. Azərbaycanın yerləşdiyi mühüm geosiyasi mövqeyi şimal-cənub-şərq-qərb nəqliyyat dəhlizləri üzərində yerləşməsi ölkəmizin geosiyasi aspektdən önəmini bir qədər də artırır. Eyni zamanda Xəzərin zəngin karbohidrogen ehtiyyatlarının nəqli istiqamətində Azərbaycanın dünyanın enerji xəritəsində öz mühüm yeri və rolu vardır. 

Azərbaycanla Türkmənistan arasında dostluq yatağının birgə mənimsənilməsi istiqamətində əldə olunan razılaşmanın da mühüm əhəmiyyəti var. Gələcəkdə Trans Xəzər Enerji koridorunun çəkilməsi, eyni zamanda Mərkəzi Asiyada olan zəngin karbohidrogen ehtiyyatlarının Azərbaycanın üzərindən Avropaya nəqli istiqamətində bir sıra layihələr icra etmək olar. Burada ABŞ-ın, eləcə də Qərbin şirkətləri fəal rol oynamalıdırlar. 

Enerji sahəsində olan əməkdaşlıq, eləcə də Avropanın enerji təhlükəsizliyində Azərbaycanın roluna gəlincə qeyd edə bilərik ki, 7 ölkəni birləşdirən və Avropanın enerji təhlükəsizliyində mühüm rola malik olan Cənub Qaz Dəhlizi ötən ilin sonlarında istifadəyə verildi və bu dəhliz təhlükəsizlik və sülhü təmin etmək istiqamətində mühüm geosiyasi faktordur. Enerji asıllığının şaxələndirilməsi istiqamətində Azərbaycanın rolunu bir qədər də artırır və bu nöqteyi nəzərdən ABŞ iqtisadi əməkdaşlıq üçün Azərbaycanı öz tərəfdaşı hesab edir, bununla yanaşı AB-nin enerji təhlükəsizliyi təminatında rolunu da qəbul edir. 

Digər tərəfdən ABŞ-Azərbaycan münasibətləri həm də təhlükəsizlik nöqteyi nəzərdən də mühüm əhəmiyyət kəsb edir. Transmilli cinayətkarlıq, terrorizmin, narkotrafiklərin qarşısının alınması, sülhə və təhlükəsizliyə təhdid və maneə törədən bir sıra ünsürlərin prementiv tədbirlər nəticəsində qabaqlanması istiqamətində də Azərbaycan aparıcı rola malikdir və bu istiiqamətdə də Azərbaycanla ABŞ birgə tərəfdaşlıq münasibətləri çərçivəsində öz fəaliyyətlərini davam etdirir". 

Təhməz Əsədov


Etiketlər:  Baydenin Prezident İlham Əliyevə ünvanladığı məktubun TƏHLİLİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ