Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2021 14:33
Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 102 illiyi və peşə bayramı ərəfəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Gəncə şəhər idarəsinin (Şİ) yeni inzibati binasının təntənəli açılışı olub.
Sonxeber.net xəbər verir ki, bu barədə DTX-nın saytı məlumat yayıb.
Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, DTX-nin kollegiya üzvləri, İdarənin şəxsi heyəti və Gəncə Şəhər İcra Hakimiyyətinin (RİH) başçısı Niyazi Bayramov, şəhərin hüquq mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin baş meydanında ucaldılan abidəsinin önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra Gəncə Şİ-nin müasir üslubda və tələblərə uyğun inşa edilən yeni inzibati və yaşayış binalarından, eləcə də təsərrüfat təyinatlı tikililərdən ibarət kompleksin açılış mərasimi keçirilib. Rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları inzibati binanın foyesində müstəqil Azərbaycanın qurucusu və memarı ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə ehtiramlarını bildirərək, abidəsi önünə gül dəstələri qoymuşlar. Həmçinin Xidmət rəisi və digər iştirakçılar Ümummilli Liderin və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dövlətçilik fəaliyyətini, Azərbaycan təhlükəsizlik orqanlarının tarixini əks etdirən fotostendlər, inzibati binanın otaqları və əməliyyatçıların iş şəraiti ilə tanış olmuşlar.
DTX-nin kollegiya üzvlərinin, Gəncə Şİ-nin və digər ərazi orqanlarının rəhbərlərinin iştirakı ilə keçirilmiş xidməti müşavirədə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev bildirmişdir ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycan bütün sahələrdə durmadan inkişaf edir və günbəgün daha da qüdrətlənir. Bunun parlaq nümunəsi kimi 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qətiyyətli sərkərdəliyi altında xalqın və dövlətin sarsılmaz birliyi nəticəsində rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı düşmən işğalından azad etmiş, Azərbaycanın çoxəsrlik tarixinin və hərbi uğurlarının yeni şanlı və şərəfli səhifələrini yazmışdır.
Dövlətimizin başçısı tərəfindən xüsusi xidmət orqanlarının inkişafına daim diqqət göstərildiyini vurğulayan general-polkovnik Əli Nağıyev, DTX Gəncə Şİ-nin yeni inzibati binasının istifadəyə verilməsinin də məhz bu qayğının növbəti bariz göstəricisi olduğunu qeyd etmişdir. Xidmət rəisi Gəncə Şİ-nin əməkdaşlarının əməliyyat-xidməti fəaliyyətlərini daha səmərəli və peşəkar təşkil etmələri üçün yaradılan yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Xidməti müşavirədə DTX Gəncə Şİ-nin və ətraf rayon şöbələrinin şəxsi heyəti qarşısında konkret vəzifələr qoyulmuş, tələb və tövsiyələr çatdırılmışdır. Sonra xidmətdə fərqlənən əməkdaşların mükafatlandırılması barədə Dövlət Təhlükəsizliyi Xidməti rəisinin əmri elan olunmuş və həmin hərbi qulluqçulara təltiflər təqdim edilmişdir.
Sonda general-polkovnik Əli Nağıyev Gəncə Şİ-nin əməkdaşlarını bir daha təbrik edərək, onlara xidməti fəaliyyətlərində uğurlar arzulamışdır.