Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“The USA Tribune”: alman deputatlar vasitəsilə qeyri-effektiv erməni lobbiçiliyi

“The USA Tribune”: alman deputatlar vasitəsilə qeyri-effektiv erməni lobbiçiliyi

Tarix: 4 Aprel 2021 17:00

Amerikada çıxan "The USA Tribune" qəzetində siyasi şərhçi Robert Qorovitsin "Alman deputatlar vasitəsilə qeyri-effektiv erməni lobbiçiliyi" sərlövhəli məqaləsi dərc olunub. Məqalədə korrupsiyaya qurşanaraq Ermənistanın maraqlarına xidmət edən almaniyalı qanunvericilərdən söhbət açılır.

Milli.Az publika.az-a istinadla xəbər verir ki, müəllifin sözlərinə görə, separatçılıq, xüsusən, vasitəçi-hərəkat, hər hansı legitimlik əldə etmək üçün müəyyən dərəcədə xarici dəstəyə bel bağlayan siyasi praktikadır. Separatçı hərəkatların rəhbərləri, özlərinin qeyri-qanuni qurumlarına müəyyən dərəcədə legitimlik vermək məqsədilə, bir qayda olaraq, Qərb ölkələrindəki qanunvericilərlə əlaqələr qurmağa can atırlar. Qorovits vurğulayır ki, postsovet məkanında və keçmiş Varşava paktının təsir dairəsi olan ərazilərdə bu hərəkatlar XX əsrdə regiondakı böyük dövlətlər tərəfindən təşviq edilir, çünki həmin dövlətlər bu ərazilərdə siyasi nəzarəti əldə saxlamaq istəyirlər.

Müəllif yazır ki, 2020-ci ilin payızında uğurlu əks-hücum nəticəsində Azərbaycan 1990-cı illərin əvvəllərində gedən müharibə zamanı Ermənistan tərəfindən işğal edilən ərazilərini geri aldı. Dünyanın belə qeyri-sabit hissələrindəki separatçı hərəkatlar qanunsuz ərazi qurumlarında qeyri-legitim seçkilər zamanı qondarma "paytaxtlar"a səfər edən Avropadan olan bəzi muzdlu qanunvericilər sayəsində özlərinin mövcudluqlarına "legitimlik" vermək cəhdlərindən hələ də əl çəkmirlər.

Ermənistan Dağlıq Qarabağdakı qanunsuz rejiminin "beynəlxalq birlik tərəfindən tanınması boşluğunu doldurmaqdan ötrü" bəzi avropalı deputatların səfərlərini və bəyanatlarını "qanuniləşdirmək" üçün özünün piar-maşınından geniş istifadə edirdi. Almaniya ta 2020-ci ilin payızınadək o ölkələrdən olub ki, oradakı erməni lobbi təşkilatları öz niyyətləri üçün istifadə etmək məqsədilə rüşvətlə ələ alına bilən qanunvericilər ovu ilə məşğul idilər.

Məqalədə daha sonra qeyd olunur ki, məlum olduğu kimi, Bundestaqın (Almaniya parlamenti) sağçı radikal AfD (Almaniya üçün Alternativ) partiyasının bir neçə üzvü Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağda 1992-ci ildən sonra yaradılan qanunsuz rejimi dəstəkləyirdilər. 2017-ci ildən başlayaraq, bəzi alman deputatlar Azərbaycanın işğal altında olan ərazilərinə bir neçə dəfə qanunsuz səfərlər edib. 2018-ci ildə "Almaniya üçün Alternativ" fraksiyasının nümayəndələri də Dağlıq Qarabağın qondarma "parlamenti"nin deputatlarını Almaniyada qəbul edib və onları 2019-cu il sentyabrın 1-də Brandenburq landtaqına seçkilərə dəvət ediblər. Jurnalist daha sonra Almaniyadan olan muzdlu deputatların bir-bir adlarını çəkir və erməni "işəgötürənlər"ə xidmət etdikləri dövr ərzində onların "qəhrəmanlıqları" barədə yazır.

Qorovits vurğulayır ki, maraqlıdır, İkinci Qarabağ müharibəsində erməni ordusunun tam məğlubiyyətindən sonra bütün bu insanlar erməni "Hay Dat idealları" ilə əlaqələrini itirməyə başladılar. Müəllif yazır: "Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanan və qondarma "Arsax Respublikası"nın taleyini müəyyən edən 10 noyabr tarixli üçtərəfli Bəyanat erməni lobbiçiləri və onların muzdlu avropalı qanunvericiləri ilə münasibətlərində dönüş anı oldu. Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistanın ilhaqçı siyasəti dayandırılandan sonra bu qanunvericilər getdikcə daha gərəksiz olurlar, çünki ermənilərin yeganə məqsədi Ermənistanın millətçi niyyətlərinin Avropa paytaxtlarında dəstəklənməsinə nail olmaq idi".

Qorovits sonda yazır: "Aşkar görünür ki, bəzi Avropa parlamentariləri digər ölkələrin maraqlarına xidmət etmək məqsədilə öz hökumətlərində vəzifələr tutmaqda davam edirlər. Deyəsən, bu, kifayət qədər yaxşı gəlir gətirən həyat tərzidir. Avropa qanunları vəzifəli şəxslərin hərəkətlərini və onların digər ölkələrin milli maraqlarına xidmət göstərilməsində əli olmasını nizamlamır. Ola bilər, Avropada korrupsiya, neonasizm və dövlətə xəyanətə qarşı mübarizədə belə hərəkətlər barəsində daha sərt qanun və qaydalar lazımdır".

Milli.Az


Etiketlər:  The USA Tribune alman deputatlar vasitəsilə qeyri effektiv erməni lobbiçiliyi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ