Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2021 09:51
"Nikol Paşinyanın Moskvada Putinlə görüşünə birinci Ermənistanda rəsmi şəkildə təsdiq edilməmiş, amma elan olunmuş parlament seçkiləri konteksində baxmaq lazımdır. Hər bir halda Rusiya faktoru Ermənistanda həlledici olmasa da, çox mühümdür. Ermənistanda ictimai rəydə belə fikir var ki, Nikol Paşinyanın dövründə rəsmi İrəvanın Rusiya ilə münasibətləri korlandı və bu da öz növbəsində Rusiyanın 44 günlük müharibədə neytral olmasına səbəb oldu".
Bunu Sonxeber.net-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib.
O bildirib ki, Paşinyan Putinlə görüşündə Ermənistan ictimai rəyində əsas müzakirə mövzusu olan diversantlar məsələsini qabartdı:
"Paşinyanın Putinlə görüşü zamanı Rusiyanın Ermənistanda yeni bir atom elektrik stansiyası inşa etməsi təklifi diqqət çəkdi. Paşinyan dövründə Ermənistan höküməti Rusiyanın Metsamor AES-in bərpası ilə bağlı Ermənistan dövlətinə verdiyi kreditdən imtina etmişdi və Avropadan alternativ maliyyə mənbələri axtarırdı. Avropa da bu maliyyə məbləğini vermədi və nəticədə rəsmi şəkildə ötən gün Rusiya prezidentindən yeni AES-nın tikintisini istədi. Bu, olduqca böyük həcmli bir layihədir və Rusiyanın bu layihəni icra etməyə razılq verməsi onu yaxın 3-5 il ərzində elektrik enerjisi monopolistinə çevirə bilər.
Ümumiyyətlə isə bu görüşə Azərbaycan-Ermənistan münasibətləri konteksindən baxsaq Paşinyanın diversantlar ("hərbi əsirlər") məsələsini qaldırması gözlənilən idi. Bu, Ermənistan ictimai rəyində əsas müzakirə mövzusudur və siyasi qüvvələr hər biri məhz bu məsələyə görə spekulyasiya edir. Düzü, Rusiyanın da marağındadır ki, bu məsələ həll olunsun. Çünki 10 noyabrdan sonra bir çox məsələlər həm Azərbaycan tərəfindən, həm Ermənistan tərəfindən önə çəkilib, amma həll olunmur. Məsəl üçün, Azərbaycanın istəklərinə bağlı olan Laçın dəhlizinə nəzarət məsələsidir, kommunikasiyaların tez bir zamanda açılmasıdır. Erməni tərəfi üçün isə diversant məsələsi narahatlıq doğurur. Əgər Rusiya tək vasitəçi olmaq niyyətindədirsə o, bu məsələlərin həllində öz rolunu oynamalıdır və həll etməlidir. Təsadüfü deyil ki, dünənki bu görüşdən iki gün öncə Putinlə Prezident İlham Əliyev arasında telefon danışığı olmuşdu və böyük ehtimalla Azərbaycanın gözləntilərini dinləmişdi.
Üçüncü ən əsas məsələ, 11 yanvar Moskva görüşündən sonra o bəyanatın icrasıdır. Çünki bəyanatın icrası ilə bağlı gecikmələr var. Bəyanatda qeyd olunmuşdu ki, hökümətlərarası komissiya yanvar ayının sonuna qədər iclasını keçirməlidir, o keçirildi və martın 1-nə qədər ekspert qrupları tərəfindən konkret layihələr təqdim olunmalıdır. Bu gün təxminən aprelin ortasıdır, amma bu layihələr hələ də təqdim olunmayıb və müəyyən gecikmələr var. Böyük ehtimalla Rusiya həm həll olunmamış məsələlərin həllinə, həm də əldə olunmuş razılıqların həyata keçirilməsinə təkan verir. Əgər Paşinyan bir neçə məsələ qaldırıbsa, Putin dünən yeganə məsələ olaraq kameralar qarşısındakı çıxışında bir məsələnin ortaya qoydu ki, o da kommunikasiyalrın açılması idi. Demək ki, bu Rusiya üçün prioritet məsələdir".
Təhməz Əsədov