Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2021 17:15
Aparıcı Hacı Nuran Türkiyədə xəstəxanada müalicə alan Xalq artisti Ağadadaş Ağayevi ziyarət edib.
Sonxeber.net sia-ya istinadən xəbər verir ki, bu haqda aparıcının özü məlumat verib: "Türkiyədə müalicə alan böyük qardaşım Ağadadaş Ağayevə yenidən baş çəkdim. O, mənə nə qədər "gəlmə, narahat olma" desə də, ayaqlarım istər-istəməz məni İstanbulun mərkəzində yerləşən xəstəxanaya apardı. Palatanın qapısı yenə açıq idi. Həkim Ağadadaşı müayinə edirdi. Son günlər oxuduğu xəbərlərdən qanı qara idi. Bu da onun səhhətinə birbaşa təsir edir desəm yanılmaram. Çünki xərçənglə mübarizənin motivasiya olduğunu gözəl bilirəm. Düzdür, etiraf edim ki, Ağadadaş da bu xəstəlik qarşısında aciz deyil. Hətta onun xərçəngə qarşı mübarizəsi məni valeh edir. Mübarizə aparır, kefini pozmamağa çalışırdı. Amma dost itkisi ağır olur. Bu da Ağadadaş Ağayevin simasında açıq-aydın hiss olunurdu. Məni görən kimi gülümsündü. "Dedim axı gəlmə", dedi. Heç elə şey olardımı? Mən qardaşıma baş çəkmədən rahat dura bilim? Əsla... Yenə danışdıq, güldük. Hər şeyi bir anlıq unutduq. Məncə, elə ən gözəl dərman, effektiv müalicə də budur.
Xalq artistimiz, Allah sizə şəfa versin!"
Qeyd edək ki, A.Ağayev xərçəng xəstəliyindən əziyyət çəkir. O, buna görə qardaş ölkədə əməliyyat olub və hazırda orada müalicə alır.