Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2021 16:27
"Mətbuatda İranın bir sıra hərbiçilərinin Ermənistana səfəri yer alır. Baxıram, bu məlumat rəsmi informasiya mənbələrində təsdiqlənmir. Amma çox güman ki, bu informasiya doğrudur".
Bunu Sonxeber.net-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Politoloq bildirib ki, iranlı generalların Ermənistana səfəri Azərbaycana dolayı yolla təzyiqdir:
"Biz görürük ki, Azərbaycanın İranla sərhəddində son günlər müəyyən gərginlik yaşanır. Düzdür, burada qaçaqmalçılardan söhbət gedir, amma hər halda bu gərginlik var. Amma hər halda bu gərginlik var və təəssüflər olsun ki, bu gərginlik müəyyən müddətdir davam edir. İranla sərhəddə son günlər qısa bir müddətdə artıq bir neçə dəfə bu cür hadisələr olur. Bu ondan xəbər verir ki, sərhəddə müəyyən pressinq var. Daha çox bu, narkotik vasitələrin tranziti ilə bağlı olan informasiya kimi çıxır. Bu sərhəd pozuntusu zamanı narkotacirlər tutulub, yaxalanıb. Amma hadisələr üst-üstə düşür. İranlı generalların Ermənistana səfəri, hərbi yardım barədə təklifləri ilə sərhəddə baş verən bu hadisələr üst-üstə düşür.
Təəssüflər olsun ki, bu ərəfədə Ermənistan sərhəddəki hadisələrə digər ölkələrin diqqətini cəlb etmək və Azərbaycana onların əli ilə təzyiq etmək istəyir. Sadaladığım hadisələrlə Ermənistan tərəfinin bu istəyi də üst-üstə düşür. Bizim cəmiyyətimizdə isə bu hərəkətlər bir çox hallarda İranın Azərbaycana dolayı təzyiqi kimi qəbul olunur. Birbaşa təzyiq deyil, çünkü rəsmi olaraq heç bir İran rəsmisi bu barədə bir informasiya vermir.
Regionda Azərbaycanla Türkiyə arasında hərbi-siyasi tandem yaranıb və daha da inkişaf edir. Bu da bəzi qüvvələri narahat etməyə bilməz. Bu tandemin güclənməsindən Fransa siyasi rəhbərliyi narahatdır, Ermənistanın da mövqeyi bəllidir. Digər tərəfdən ABŞ-da harada ki, erməni lobbisi çox fəaldır, onların bu tandemə qarşı reaksiyalarının şahidi oluruq. Bu da müəyyən dairələrdə nəyinki anti-Azərbaycan, anti-Türkiyə mövqelərindən xəbər verir. Hindistan da sərhəddəki son gərginliklə bağlı Ermənistana dəstək nümayiş etdirdi. Hindistan bunu Pakistanla münasibətlərinin pis olduğu və Azərbaycan və Türkiyəyə dəstək verdiyi üçün bunu edir. Və ehtimal irəli sürmək olar ki, İranda da müəyyən siyasi dairələr var ki, onlar da Azərbaycan Türkiyə münasibətlərinin güclənməsindən narahatdırlar. Onlar da müəyyən təzyiq göstərə bilərlər və bu yaranmış vəziyyətdən istifadə etmək istəyirlər. Dediklərim, faktlardır, hadisələr və bu ölkələrin reaksiyaları gözönündədir".
Təhməz Əsədov