Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident ölkəmizin strateji xəttini bütün dünyaya bəyan etdi

Prezident ölkəmizin strateji xəttini bütün dünyaya bəyan etdi

Tarix: 24 May 2021 14:24

"Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi konfrans bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövləti bütün bölgəmizdə - Cənubi Qafqazda sülh, təhlükəsizlik meyillərinin mökəmləndirilməsi və bütün müharibə risklərinin aradan qaldırılmasında fasiləsiz və sistemli siyasət aparmağa qadir bir ölkədir və bu siyasətdən heç vaxt imtina etmək fikrində deyil".

Bunu Sonxeber.net-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, Azərbaycan II Qarabağ müharibəsindən sonra ölkədəki reallıqları bütün bölgə xalqlarının rifahına və inkişafına yönəltməyə çalışır:

"Prezident İlham Əliyevin bu konfransda çıxışı növbəti dəfə sübut edir ki, Azərbaycan həm keçmişdə, həm də indiki şəraitdə bölgəmizdə müharibə risklərinin aradan qaldırılması və sülh, təhlükəsizlik proseslərinin möhkəmləndirilməsinə prioritet kimi baxır və bütün siyasətini də bu istiqamətdə qurur. Azərbaycan Prezidentinin çıxışı bir daha nümayiş etdirdi ki, məhz 44 günlük müharibədən sonra bölgədə yaranmış yeni reallıqlar əməkdaşlıq və inkişaf üçün tələb olunan hər şeyi yaradıb. Sadəcə olaraq, müharibədən sonra bu müharibənin yaratdığı reallıqları qoruyub saxlamaq indiki şəraitdə təkcə Azərbaycanın yox, bütün maraqlı ölkələrin və qüvvələrin işi olmalıdır.

Bu konfransda aparılan müzakirələr və Azərbaycan Prezidentinin çıxışı onun təsdiqidir ki, II Qarabağ müharibəsinin bütün nəticələri Azərbaycanın müstəsna səyləri və tək gücü ilə yaradılsa da, ancaq bölgəmizdə açılmış böyük sülh və təhlükəsizlik perspektivlərinin tam şəkildə qorunması və möhkəmləndirilməsi təkcə Azərbaycanın işi deyil. Bu nöqteyi nəzərdən konfrans bütün dünya qüvvələrinə və ölkələrə maraqlı bir mesajdır ki, bizim bölgəmizdə genişlənmiş əməkdaşlıq və inkişaf perspektivlərini, imkanlarını gerçəkləşdirmək üçün qüvvələri birləşdirmək indi həmişəkindən daha da vacibdir. 

Azərbaycan Prezidentinin ölkəmizin Ermənistanla qəti sülhə hazır olması ilə bağlı söylədiyi bəyanatlar dünya üçün çox maraqlı bir mesajdır. O mənada ki, hələ biz indiyə qədər Ermənistan rəhbərliyindən, istər hakimiyyətdə olanlardan, istər müxalifətdə olanlardan Ermənistanın yekun sülh sazişinə hazır olması ilə bağlı və yaxud da buna eyham vura biləcək bir addım, bəyanat eşitməmişik. Amma Azərbaycan Prezidenti növbəti dəfə bütün dünyaya Azərbaycanın qəti sülh sazişi imzalamaqda maraqlı olduğunu bildirməsi və hazırda hər şeyin Ermənistanın iradəsindən asılı olması, fikrimcə ölkəmizin strateji xəttinin bir daha dünya miqyasında bəyan edilməsidir. Ermənistanın müstəqillik illərində keçdiyi yolun mübahisəsiz şəkildə klassik izahını məhz Azərbaycan Prezidenti öz çıxışında verdi. Prezidentin "Ermənistan sadəcə vaxt itirdi. Azərbaycandan qopardığı torpaqları geri verməyə məcbur oldu, böyük resuruslarını itirdi, bir dövlət kimi inkişafdan qaldı və təcrid vəziyyətinə düşdü" kimi fikirləri 30 ildir Ermənistanın müstəqillik elan edəndən sonra apardığı təcavüzkar siyasətin bariz ifadələridir. 

Bir sözlə, regionumuzda 44 günlük müharibədən sonra yaranmış yeni reallıqların mahiyyətini dərk etmək və onu böyük inkişafın yolu kimi dəyərləndirmək üçün Prezidentin çıxışı əla materillar və informasiyalar verir. Azərbaycan bu müharibədən sonra ölkədəki reallıqları bütün bölgə xalqlarının rifahına və inkişafına yönəltməyə çalışır. Bu nöqteyi nəzərdən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi konfransı müharibədən sonra yaranmış reallıqlar şəraitində qüvvələrin birləşdirilməsinə yol açan bir mesaj kimi də dəyərləndirmək olar".

Təhməz Əsədov


Etiketlər:  Prezident ölkəmizin strateji xəttini bütün dünyaya bəyan etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ