Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qlobal televizor tədarükü 11,5 faiz artıb

Qlobal televizor tədarükü 11,5 faiz artıb

Tarix: 31 May 2021 14:54

Şimali Amerika bazarında tələbatın artması 2021-ci ilin yanvar-martında dünya televizorlar bazarında artıma səbəb olub. “TrendForce” analitik şirkətinin məlumatına görə, istehsalçılar tərəfindən 50 milyon televizor buraxılaraq bir il əvvəlki göstərici 11,5 faiz yaxşılaşdırılıb. Bununla yanaşı, tədarük həcmində 24,2 faizlik rüblük azalma qeydə alınıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, televizor satışlarının distant iqtisadiyyat formasının qorunub saxlanılması və hökumətlər tərəfindən əhalinin əksər hissəsinə 1400 dollar məbləğində müavinətlərin ödənilməsi kimi stimullaşdırıcı tədbirlər fonunda aktivləşdiyi Şimali Amerikadan fərqli olaraq Çin və Avropada azalma müşahidə edilir. Mütəxəssislərin sözlərinə görə, bu tendensiya dövri tələbat dəyişiklikləri ilə əlaqədardır.

 

Ayrı-ayrı istehsalçıların nailiyyətləri haqqında danışan analitiklər Çinin “Hisense” istehsalçısının uğurlarına diqqət yetiriblər. Bu brend istehlakçılar üçün cəlbedici qiymətlər sayəsində xüsusilə xarici bazarlarda öz iştirakını genişləndirir. Ötən rübdə “Hisense” Şimali Amerika bazarında ən böyük TV brendləri beşliyinə daxil olub. Bununla yanaşı, “Hisense” televizorlarının tədarükü illik hesablamada 8,8 faiz artaraq 4,19 milyon ədədə çatıb, bazar payı isə 11,1 faizədək artıb.

 

Bununla bərabər, bəzi məlumatlar sahədə həyəcanlı tendensiyalardan xəbər verir. Belə ki, mütəxəssislərin illik dinamikaya görə proqnozları pessimistdir. Komponent hissələrinin çatdırılmasında yubanmalar, panellərin bahalaşmasına görə kiçikölçülü televizorların istehsalının azaldılması və əksər TV brendlərində qabaqcıl məhsulların olmaması səbəbindən 2021-ci ilin ikinci yarısında televizor tədarükünün ötən ilin analoji dövrü ilə müqayisədə 6,7 faiz azalmasına gətirib çıxaracaq.

 

Bundan başqa, “TrendForce” ümumilikdə 2021-ci il üçün proqnozu pisləşdirib. Əvvəlcə istehsalçılar tərəfindən 223 milyon televizor buraxılacağı ehtimal edilsə də, indi analitiklər tədarükü 221 milyon ədəd səviyyəsində proqnozlaşdırırlar. Düzəliş edilmiş tədarük həcmi 2020-ci ildən 2 faiz çoxdur.

 

Nizam Nuriyev




Etiketlər:  Qlobal televizor tədarükü faiz artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ