Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2021 14:10
Hazırda müvafiq kateqoriyalardan olan 600 mindən çox uşaq sosial təminat növləri olan ödənişlərlə təmin olunur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, BMT Baş Assambleyasının qərarı ilə 1950-ci ildən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü elan olunub. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da bu gün yüksək səviyyədə qeyd edilir.
Uşaqların müdafiəsi Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir və Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində daim güclənən sosial təminat sisteminin əhatə etdiyi əhali qruplarından biri də uşaqlardır. Ölkəmizdə 10-dan çox sosial təminat növü məhz uşaqların sosial müdafiəsinə yönəlib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırda:
sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar,
şəhid ailələrinin və müharibə əlillərinin uşaqları,
beşdən çox uşağı olan qadınların uşaqları,
müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları,
Çernobıl AES qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi olan, yaxud vəfat etmiş valideynlərin uşaqları,
valideyn himayəsindən məhrum olmuş uşaqlar,
aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqları
aylıq müavinətlə təmin olunurlar.
Ailə başçısını itirməyə aylıq sosial müavinət və ya pensiya ödənilən ailə üzvlərinin 95 faizdən, ünvanlı sosial yardım alan ailə üzvlərinin 50 faizdən çoxu uşaqlardır. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların qəyyumları (himayəçiləri), üç yaşınadək uşaqlara qulluğa görə onların sığortaolunan valideynləri aylıq müavinətlə, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara qulluq edənlər aylıq təqaüdlə təmin edilirlər.
Ümumilikdə, hazırda müvafiq kateqoriyalardan olan 600 mindən çox uşaq sosial təminat növləri olan ödənişlərlə təmin olunur. Yeni doğulan uşaqlara görə birdəfəlik müavinət, Çernobıl əlillərinin dispanser qeydiyyatında olan uşaqlarına ildə bir dəfə müavinət də ödənilir.
Uşaqların reabilitasiya yönümlü, səmərəli sosial xidmətlərlə təminatı da aparılan işlərdən biridir. Sağlamlıq imkanları məhdud uşaqların dövlət himayəsində yaşadığı 1 və 2 saylı sosial xidmət müəssisələri Heydər Əliyev Fondunun dəstəyi ilə müasir tələblərə uyğun yenidən qurulub. Ümumən, Nazirlik tərəfindən son illərdə 8 minədək uşaq səyyar və stasionar formada sosial xidmətlərlə, o cümlədən sosial sifarişlər əsasında icra olunan layihələr çərçivəsində günərzi xidmətlərlə təmin edilib. Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya müəssisəsi də istifadəyə verilib. Nazirliyin 1 və 2 saylı uşaq reabilitasiya mərkəzlərində hər il minlərlə uşaq reabilitasiya xidmətləri ilə təmin olunur və cari ildə bölgələrdə (Şəmkir, Qəbələ) daha iki belə mərkəzin açılması nəzərdə tutulur.
Azərbaycan ötən dövrdə BMT-nin "Uşaq hüquqları haqqında", BƏT-in "İşə qəbul etmək üçün minimum yaş həddi haqqında", "Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair" Konvensiyalarını ratifikasiya edib. Ölkə qanunvericiliyi uşaq əməyinin istismarını qadağan edir. Uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi isə 15 yaşdır və uşaqların həyat və sağlamlığına, onların mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb edilmələri də qadağandır.