Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2021 22:16
Bu gün Brüsseldə NATO üzvü olan ölkələrin liderlərinin zirvə görüşü keçirilir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, həmin görüşdə İspaniyanın Baş naziri Pedro Sançes də iştirak edir. Yüksək səviyyəli görüşdə İspaniya ilə Mərakeş arasında diplomatik böhrana ABŞ-ın müdaxilə etməsi ehtimalı, Qərbi Böyük Səhranın suverenliyi, "Google" texnoloji şirkətindən vergi tutulması barədə İspaniya hökumətinin təklifi, İspaniya məhsullarına qarşı "tarif müharibəsi" məsələləri müzakirə olunacaq.
Görüşün gündəliyindəki məsələlərdən biri də NATO-nun növbəti sammitinin 2022-ci ildə İspaniyada keçirilməsi mövzusu olacaq.
Bu sammit İspaniyanın Atlantika Alyansına daxil olmasının 40-cı ildönümü ilə eyni vaxtda düşür. İspaniyada NATO-nun sammiti sonuncu dəfə 1997-ci ildə Xose Mariya Asnarın prezidentliyi dövründə keçirilib.
Avropa İttifaqında iqtisadiyyatının həcminə görə dördüncü yeri tutan İspaniya müdafiə xərclərinin ÜDM-in həcminə nisbətinə görə axırdan ikinci yeri tutur: ÜDM-in 1,02 faizi. Müvafiq göstəricisi daha aşağı olan yalnız bir ölkə var: ÜDM-in 0,57 faiz olduğu Lüksemburq. Hazırda 10 ölkədə - Yunanıstan, ABŞ, Xorvatiya, Böyük Britaniya, Estoniya, Latviya, Polşa, Litva, Rumıniya və Fransada müdafiə xərcləri ÜDM-in 2 faizi həddinə çatıb. İspaniya üçün postpandemiya dövründə bu göstəricinin 2 faizə çatması qeyri-mümkün hesab edilir.
Hazırda İspaniya NATO ilə birgə beynəlxalq missiyaların yerinə yetirilməsi üçün təqribən 600 əsgər göndərməyə hazırlaşır. Eyni zamanda ispan hərbçiləri Latviya, Türkiyə və Litvada qalmaqda davam edəcək. Bundan əlavə, NATO-nin İraqdakı missiyasında yeddi ispan əsgəri iştirak edir.