Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2021 10:21
“Kantar” konsaltinq şirkəti dünyanın ən bahalı brendlərinin növbəti reytinqini dərc edib. Siyahıda birinci yeri 1994-cü ildə təsis edilən “Amazon” şirkəti tutub. Brend 684 milyard dollar dəyərində qiymətləndirilib. İkinci mövqedə “Apple” (612 milyard dollar), üçüncüdə “Google” (458 milyard dollar) qərarlaşıb. Sonrakı pillədə “Microsoft” (410 milyard dollar) yer alıb.
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, ilk beşliyə sosial şəbəkələr və videooyunlarla məşğul olan Çinin “Tencent” şirkətinin daxil olması maraq doğurur. Bu brendin dəyəri 241 milyard dollar təşkil edib.
Altıncı pillədə “Facebook” (227 milyard dollar), yeddincidə Çinin “Alibaba” internet ticarəti şirkəti (197 milyard dollar) qərarlaşıb.
Analitiklər qeyd edir ki, Çin brendləri yavaş-yavaş, lakin davamlı inkişaf edir və xeyli uğurlar qazanıblar.
İlk onluğa, həmçinin “Visa” (191 milyard dollar), “McDonald’s” (155 milyard dollar) və “MasterCard” (113 milyard dollar) daxildir.
Ən sürəli inkişaf edən brend kimi il ərzində dəyərini 275 faiz artıraraq 42,6 milyard dollara çatdıran “Tesla” şirkəti göstərilir.
Ən bahalı Avropa brendi kimi 21-ci yeri tutan Fransanın “Louis Vuitton” şirkəti seçilib. Ümumilikdə reytinqdə ABŞ brendləri üstünlük təşkil edir: onlar 100 yerin 74-nə sahib çıxıblar. Dünyanın 100 aparıcı brendinin ümumi dəyəri isə 7,1 trilyon dollara bərabərdir.
Nizam Nuriyev