Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi ilə bağlı silsilə tədbirlər həyata keçiriləcək

Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi ilə bağlı silsilə tədbirlər həyata keçiriləcək

Tarix: 23 Iyun 2021 09:57

Bu il Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 140 illiyi tamam olur.

 

Artıq yubileylə bağlı “Azərbaycan Telefon Rabitəsi 140” loqotipi hazırlanıb.

 

Yubiley çərçivəsində il ərzində bir sıra silsilə tədbirlər həyata keçiriləcək.

 

Belə ki, jurnalistlər arasında mövzu ilə bağlı müsabiqənin keçirilməsi, İKT-də xüsusi rolu olan qadınların mükafatlandırılması, rabitənin 140 illiyinə həsr edilmiş markanın, zərfin və xatirə nişanının hazırlanması nəzərdə tutulur.

 

Eyni zamanda, regionlarda rabitə və yüksək texnologiyalar sahəsi haqqında biliklərin artırılması məqsədilə ödənişsiz onlayn kursların təşkili planlaşdırılır.

 

Həmçinin könüllü qanvermə aksiyası, müvafiq mobil operator tərəfindən bir neçə regionda təmənnasız səyyar mobil diş və mobil göz klinikaları təşkil olunacaq.

 

Müvafiq mobil və sabit şəbəkə operatorları müxtəlif xidmətlər üzrə xüsusi güzəştli kampaniyalar keçirəcək.

 

Rabitənin tarixi barədə sənədli filmin çəkilişi də görüləcək işlər sırasındadır.

 

Rabitəçi şəhid ailələri, qocaman rabitəçilər evlərində ziyarət ediləcək, rabitə sahəsində uzun müddət çalışan əməkdaşlar xüsusi diplomlarla təltif ediləcək.

 

Xatırladaq ki, Azərbaycanda ilk telefon xətti 1880-ci ilin dekabr ayında “Qafqaz və Merkuri” Paroxod Cəmiyyəti tərəfindən inşa edilib. Xətt cəmiyyətin “Naberejnaya” küçəsində yerləşən baş kontoru ilə Bakı limanında yerləşən “Kaspi” neft cəmiyyətinin kontorunu birləşdirib. 1881-ci ilin yanvar ayında “Nobel qardaşları cəmiyyəti” telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət edib və fevralın 18-də icazə verilib. Həmin ilin noyabr ayının 23-də Azərbaycanda uzunluğu 6 km olan və “Nobel qardaşları cəmiyyəti”nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilib. Rəsmi olaraq bu xətt Azərbaycanda ilk telefon xətti hesab olunur və telefon rabitəsinin yaradılması həmin ilə təsadüf edir.




Etiketlər:  Azərbaycanda telefon rabitəsinin yaradılmasının illiyi ilə bağlı silsilə tədbirlər həyata keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ