Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyalar savaşı: Saqqallı tələbələr ölkəni ələ alır - VIDEO - FOTO

Dünyalar savaşı: Saqqallı tələbələr ölkəni ələ alır - VIDEO - FOTO

Tarix: 24 Iyun 2021 10:57

Əfqanıstanda vəziyyət gərginləşməkdə davam edir. Artıq ölkənin yeni bir vətəndaş müharibəsi astanasında olduğunu söyləmək olar. Rusiya müdafiə naziri Sergey Şoyqunin dediyi kimi, Əfqanıstanda NATO qoşunlarının çıxarılmasından sonra irimiqyaslı vətəndaş müharibəsi başlana bilər.

Onun bu sözlərinə ciddi əsas da var. "Taliban" bir-birinin ardınca şəhərləri, qəsəbələri, hərbi bazaları ələ keçirir. Hökumət qoşunları isə bir-birinin ardınca rayonları, şəhərləri "Taliban"a təhvil verə-verə gedir. Ölkənin cənub-şərq vilayətində yerləşən Zabul şəhərinə nəzarəti Taliban ələ alıb. Bunu təsdiq edən videonu da internetdə yerləşdiriblər. Ardınca da Paktiya vilayətində Zurmat şəhərinə nəzarəti ələ alıblar.  

Yaraqlılar çəkdikləri videolarda əldə etdikləri qənimətlərlə qürrələnməkdən də çəkinmirlər. Başqa bir tutulan şəhər isə Qəzni vilayətində olub. Burada da yeni bir hərbi baza ələ keçirilib. Kadrlardan da aydın görünür ki, əfqan ordusu özünün hərbi texnikasını döyüş hazırlığı vəziyyətinə belə gətirə bilməyib. Son məlumata görə, fəaliyyəti qadağan edilən "Taliban" artıq Tacikistanla sərhəd Qunduz vilayətinə yaxınlaşıb. Artıq bu vilayət tam şəkildə mühasirə vəziyyətindədir. Hər gün onlarla avtomobil ələ keçirilir. Artıq Fəryab, Bəlx, Tahar, Fərəh və Qəzni ələ keçirilib.

Özü də "talib"lər əsasən qənimət kimi ələ keçirdikləri texnikanın köməyi ilə hərəkət edir. Məsələn, videoların birində qənimək kimi ələ keçidikləri HMMWV-ni də nümayiş etdiriblər. Onlarla əsir əfqan əsgəri də nümayiş olunub. Hökumət qüvvələrinin döyüş ruhuna gəldikdə, bu, çox aşağıdır - kütləvi şəkildə təslim olur, texnikanı qoyub gedir. "Talib"lər təbliğat kimi əsir əfqanları evlərinə buraxmağa üstünlük verir. "Taliban"ın son uğurları tək hərbi deyil - hərəkat əhali ilə işləməyin yolunu bilir. Bu yaxınlarda qəbilə başçıları ilə əldə olunan razılaşmaya uyğun olaraq yaraqlılar əsirlikdə olan əfqan hərbçilərinin böyük bir hissəsini azadlığa buraxıb. Onların dilindən bir daha güc strukturlarında işləməyəcəkləri və "Taliban"a qarşı döyüşməyəcəkləri barədə yazılı iltizam alınıb. Böyük ehtimalla onlar da bu razılaşmaya əməl edəcək. Çünki "taliblər" özlərini "işğalçılara və satqınlara qarşı mübariz" formasında təqdim etməyə müvəffəq olub.

Əsirlərə qarşı mehriban münasibət göstərmək isə aşağıdakı mesaja xidmət edir - "bu sizin müharibə deyil, boş yerə ölməyinizə lüzum yoxdur, evlərinizə gedin". Həqiqətən də əfqan həbçilərinin əksəriyyəti Kabuldakı qeyri-populyar hökumət üçün döyüşmək niyyətində deyillər. Onlar hökumətin korrupsiya və əcnəbilərlə sıx münasibərtlər qurmasını qəbul etmirlər. Əhali orduya daha çox aclıqdan qurtarmaq və yoxsul Əfqanıstanda yaşamaq üçün gedir.

Beləliklə, bölgədə vəziyyət yenidən gərginləşib və bu gərginliyin tək Əfqanıstanı deyil, ətraf yerləri də əhatə edəcəyi istisna deyil.

Azər Nuriyev


Etiketlər:  Dünyalar savaşı Saqqallı tələbələr ölkəni ələ alır VIDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ