Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2021 14:30
"Azərbaycan Ordusu 1992-ci ildə sıfır səviyyəsində idi".
Bunu Sonxeber.net-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ordunun ehtiyatda olan generalı Yücel Karauz deyib.
General bildirib ki, Azərbaycanın öz sərhədləri daxilində azad yaşaması üçün Ordusu daim güclənməlidir:
"O vaxtlar ortada bir ordu, silah, təchizat, hərbi geyim yox idi. Sovet İttfaqı dövründə orduda xidmət etmiş azərbaycanlı qardaşlarımız könüllü olaraq 1992-ci ildən etibarən Azərbaycan Ordusunun təməlini təşkil etdilər. 1991-ci ildə müstəqillik qazandıqdan sonra, 1992-ci ildə ilk türk təhsil qrupu gələrək Azərbaycan hərbi korpuslarında, hissələrində çalışmağa başladı. Dolayısı ilə 1992-ci ildə Azərbaycan Ordusunu dəyərləndirə biləcək bir ünsür yox idi.
İndi dünyada 200-dən çox ölkə var. O zaman onların sayı 150-160 olarkən, Azərbaycan ordusu olmayan ölkə idi. 1992-ci ildən sonra Ordu quruculuğuna verilən dəstək getdikcə artdı. Xüsusilə Heydər Əliyev zamanında fəaliyyətə başlayan Naxçıvanski adına Hərbi Liseyin ordu quruculuğu baxımından çox əhəmiyyətli yeri vardı. 1992-ci ildən türk zabitlərinin Azərbaycanda təhsil-tədris prosesləri başladı, zabit, gizirlər Türkiyəyə təhsil almağa göndərildi və qarşılıqlı hərbi məktəblər açıldı. Beləcə vəzifədə olan türk zabitləri Azərbaycan Ordusuna dəstək olmağa başladılar.
Azərbaycan təkcə Türkiyəyə yox, Rusiyaya, İngiltərəyə, Amerikaya, Çinə gənc hərbiçilərini göndərərək təhsil-təlim fəaliyyətlərini daha da artırdı. Ordu quruluşunda dəyişikliklər edərək modern, müasir, manevr qabiliyyəti yüksək bir ordu yaratmaq yönündə işlər görüldü. Bu istiqamətdə rusların köhnə silah sistemi əldən çıxarıldı. Başda Türkiyə olmaqla İsrail, Belarus, Ukrayna kimi dövlətlərdən müasir silah sistemləri alınmağa başladı.
2010-cu ildən etibarən Türkiyə ilə Azərbaycanın münasibətlərinin yüksək səviyyəyə çatması ilə hər iki ölkənin ordularının birgə təlimləri keçirilməyə başladı. Eyni zamanda Türkiyənin də böyük dəstəyi ilə NATO fəaliyyəti çərçivəsində Azərbaycanın sülhməramlı kontingenti başda Əfqanıstan olmaqla, bir sıra qaynar nöqtələrdə xidmətə başladı. Azərbaycan Ordusu 1992-ci ildən 2016-cı ilə qədər həm doktrina olaraq, həm təhsil-tədris fəaliyyəti olaraq, həm də təchizat baxımından özünü gücləndirdi.
2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun çatdığı səviyyə, bu işi təkbaşına, öz silahlı qüvvələri hesabına edə biləcəyini nümayiş etdirdi. Və artıq 2020-ci ildə Azərbaycan Ordusu dünya orduları sıralanmasında ilk 50-liyə daxil olmağı bacardı.
Xüsusilə II Qarabağ müharibəsində Azərbaycan Ordusu dövləti, milləti, bayrağı üçün mübarizə əzmini, qətiyyətini ortaya qoydu, təhsil-tədris fəaliyyətini pik həddə çatdırdı və dünyanın ən modern, müasir silah sistemlərini bu müharibədə istifadə etdi. Azərbaycan Ordusunun bu müharibədəki tarixi zəfərinin səbəbi bütün qoşun növləri arasındakı rabitənin yüksək səviyyədə qurulması, göstərdikləri qəhrəmanlıqlar və Şuşanın azad edilməsi əməliyyatında da gördüyümüz kimi Xüsusi Təyinatlı Qüvvələrin böyük missiyanın öhdəsindən gəlməyi bacarması ilə bağlıdır.
Yeni aparılacaq təhlillərdən, analizlərdən sonra Azərbaycan Ordusunun dünya ordularının siyahısında daha da irəlilələyərək ilk 40-45 ölkə arasında yer alacağına inanıram.
Təbii ki, sülh, sabitlik və təhlükəsizliyi uzunmüddətli təmin etmək üçün güclü bir Orduya sahib olmalısan. Azərbaycan Ordusu sülh yolunda tər tökdü, savaşda qan tökdü və yüzillər keçsə belə, dünya durduqca xatırlanacaq II Qarabağ savaşını qazanaraq dünyanın ən güclü orduları arasında, Qafqazın ən güclü Ordusu olduğunu isbat etdi. Azərbaycan Ordusun əldə etdiyi bu Zəfər Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, ordu quruculuğuna verdiyi önəm, xalqın milli və mənəvi maraqlarına olan yüksək diqqəti və qayğısı, eyni zamanda Ordusunu müasir silah-sursatla təmin etməsinin nəticəsidir. Amma Azərbaycan ordusunun hazırkı durumu rahatlaşdırmamalıdır. Bölgədə sülh və sabitlik üçün və Azərbaycan xalqının öz sərhədləri daxilində azad, arxayın yaşaması üçün qalxan Dəmir yumruğu olan Azərbaycan Silahlı Qüvvələri daim güclənməlidir".
Təhməz Əsədov