Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2021 23:18
Qusarlı şəhid kəşfiyyatçı Ruslan Cəfərov Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra beş medalla təltif olunub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Vətən müharibəsi şəhidi Ruslan Mövlan oğlu Cəfərov 2000-ci il avqustun 2-də Qusar şəhərində doğulub. Qusar şəhər Elxan Güləliyev adına 2 saylı tam orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Ruslan əsgərliyini bitirdikdən sonra ordu sıralarında müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmətə başlayıb. Vətən müharibəsi başlayanda Xüsusi Təyinatlı Qüvvələrin tərkibində həmlə qruplarında yer alan Ruslan Füzuli, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla savaşıb.
"Dəyərli və vətənpərvər övlad idi. Karate ilə məşğul olurdu. Nailiyyətləri də vardı. Vətən müharibəsində hər iki oğlum iştirak edib. Onlarla fəxr edirəm. Onların sayəsində 30 illik həsrətə son qoyuldu. Ruslanla sonuncu dəfə oktyabrın 17-də danışdıq. Dedi dağlara təlimə gedirik. İki oğlum döyüşlərdə idi. Amma heç biri bu haqda mənə bildirmirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhid ailələrinə göstərilən qayğıya görə də ölkə rəhbərliyinə minnətdaram", - deyə şəhidin anası Əzizə Cəfərova söyləyib.
Kəşfiyyatçı Ruslan Cəfərov oktyabrın 21-i Xocavəndin Azıx kəndi uğrunda gedən döyüşdə şəhidlik zirvəsinə ucalıb.
Ruslanın böyük qardaşı Nurlan Cəfərov da torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən 44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak edib.
Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edən Nurlan deyib: "Qardaşımla eyni istiqamətdə döyüşsək də, bir-birimizdən xəbərimiz olmayıb. Döyüşçü yoldaşları deyirlər ki, Ruslan həmişə Vətən uğrunda şəhid olacağını bildirib. Arzusuna da çatdı...".
Şəhid Ruslan Cəfərov ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.