Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2021 12:45
10 iyul tarixi Azərbaycanın görkəmli ziyalısı və istedadlı nasiri, xalq yazıçısı, əməkdar incəsənət xadimi Sabir Əhmədlinin doğum günüdür.
Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, Sabir Əhmədli 1930-cu il iyul ayının 10-da Cəbrayıl rayonunda anadan olub.
Cəbrayılda orta təhsilini başa vurduqdan sonra 1946-cı ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1951-ci ildə universiteti bitirib Cəbrayıl rayonunda müəllim kimi əmək fəaliyyətinə başlayıb. Bir il Şükürbəyli kənd orta məktəbində direktor işləyib.
1956-cı ildə Bakıya köçən S.Əhmədli "Ədəbiyyat və incəsənət" qəzetinin redaksiyasında ədəbi işçi vəzifəsinə qəbul edilib, bir müddət sonra nəsr şöbəsinin müdiri vəzifəsinə keçirilib.
Yazıçı 1993-1996-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru işləyib.
O, ədəbi fəaliyyətə 1951-ci ildə "Pioner" jurnalında çap olunmuş "Poçtalyon" hekayəsi ilə başlamışdı. Bədii əsərlər və publisistik məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış edən S.Əhmədlinin "Bir payız axşamı" adlı ilk kitabı 1961-ci ildə çapdan çıxıb. Sonralar "Aran", "Pillələr", "Görünməz dalğa", "Yamacda nişanə", "Toğana", "Yasamal gölündə qayıqlar üzür", "Mavi günbəz", "Gedənlərin qayıtmağı", "Dünyanın arşını", "Yanvar hekayələri", "Kütlə", "Axirət sevdası", "Şəhid ruhu" və s. kitabları işıq üzü görüb.
Sabir Əhmədli nəsrimizə yeni ab-hava gətirmiş, yüksək vətəndaşlıq hissləriylə qələmə alınmış əsərləriylə ədəbiyyatımıza böyük xidmət göstərmiş, neçə-neçə nəslin vətənpərvərlik ruhunda yetişməsində önəmli rol oynamış ədibdir. Əsərləri bir çox xarici ölkə xalqlarının dilinə tərcümə edilib. Ədəbiyyatımız qarşısındakı xidmətlərinə görə, ona Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi fəxri adları verilib.
Sabir Əhmədlinin Azərbaycan nəsrində bir roman ustası kimi dəyərləndirilir.
Yazıçı ömrünün son günlərinə qədər bir sıra xəstəliklərdən, o cümlədən təzyiq və şəkərdən əziyyət çəkib.
Sabir Əhmədli vüqarlı insan idi, onu sındırmaq, dayandığı mərtəbədən aşağı endirmək mümkün deyildi.
Yazıçı həyatında bir neçə itki ilə üzləşmişdi. Böyük qardaşı Cəmil Əhmədov İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş, 6 oktyabr 1944-cü ildə qəhrəmancasına həlak olmuşdu. O, Sovet İttifaqı Qəhrəmanı kimi yüksək fəxri ada layiq görülmüşdü.
İkinci itki isə 1994-cü ildə baş verdi. Sabir Əhmədlinin kiçik oğlu Məhəmməd könüllü olaraq Qarabağ uğrunda döyüşlərə yollandı,cəbhəyə getdi və Murov istiqamətindəki döyüşlərin birində həlak oldu.
Sabir Əhmədlinin həyatındakı bu itkilər onun ömrünün sonunacan iradəsini, dözümünü sarsıda bilmədi. Qardaş itkisi gənc Sabir Əhmədli üçün başıucalıq idi, oğul itkisi isə Ata Sabir üçün başıucalıq oldu. Oğlunun cavan ikən həlak olması onu bir ata kimi içəridən nə qədər sarsıtsa da, yazıçı bu dərdlə neçə il yaşadı və dərdini əsərlərinə payladı.
S.Əhmədli 17 aprel 2009-cu ildə ömürünün 79-cu ilində dünyasını dəyişib.
O, Cəbrayılı - ata-baba torpağını bir daha görmədən Bakının Binəqədi qəsəbəsinin torpağına tapşırıldı.
Qardaşı və oğlu kimi Sabir Əhmədlinin özünə də ata-baba torpağında dəfn edilmək qismət olmadı...