Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıdan Zəngəzur mesajı - Düşmənin ritmini pozacaq çağırış

Bakıdan Zəngəzur mesajı - Düşmənin ritmini pozacaq çağırış

Tarix: 14 Iyul 2021 17:33

II Qarabağ savaşı Azərbaycanın regionda və dünyadakı siyasətində müəyyən dəyişikliklər edib, postkonflikt dövrünün tələblərinə uyğun manevrlər etmək imkanı yaratdısa, daxili siyasətdə həyata keçirilən sosial siyasətin ən başlıca vəzifəsi şəhid ailələrinin və müharibə əlillərinin sosial ehtiyaclarının yüksək səviyyədə təmin edilməsidir. Şəhid ailələri və müharibə əlillərinə qayğı dövlətin prioritet vəzifəsidir. Biz bu gün bunun bir daha şahidi olduq.

Belə ki, Prezident İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib. Bu tədbirlər heç şübhəsiz ki, həyata keçirilən genişmiqyaslı sosial layihənin bir hissəsidir. Ermənistanda müharibədə həlak olanların yaxınlarına nəinki ev, bir daxma da vermədiyi halda Azərbaycan şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan dəstək tədbirlərini var gücü ilə davam etdirir.

Prezident İlham Əliyev şəhid ailələri və müharibə əlilləri ilə görüşü zamanı olduqca önəmli mesajlar da verib. O, 44 günlük Vətən müharibəsi ilə bağlı bu vaxta kimi açıqlanmayan bəzi məsələlərə aydınlıq gətirib. Prezident qeyd edib ki, "Əgər Ermənistan kapitulyasiya aktını imzalamasaydı, biz dayanmayacaqdıq". Dövlət başçısının bu sözləri açıqlamadan çox Ermənistan hərbi-siyasi rəhbərliyinə bir mesajdır. Yəni 10 noyabr üçtərəfli bəyanatına Ermənistan imza atmasaydı Azərbaycan son qarış tarixi torpaqlarına qədər Ermənistandan sökə-sökə alacaqdı. Əgər bəyanatın şərtlərinə uyğun olaraq müharibə dayandısa və delimitasiya, demarkasiya işləri aparılmalıdırsa Ermənistan buna mütləq davam etməlidir. Bu proseslər də nəticədə ikitərəfli qaydada tərəflərin ərazi bütövlüyünün tanınması və sülh sazişinin imzalanması ilə nəticələnməlidir.

Prezident İlham Əliyev bildirib ki, mütləq şəkildə iki ölkə arasında sülh müqaviləsi imzalanmalıdır: "Ermənistan tərəfindən buna reaksiya yoxdur, rəsmi reaksiya yoxdur. Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil. Hesab edirəm, bu çox böyük bir səhv olacaq. Necə ki, müharibə ərəfəsində və müharibə dövründə Ermənistan tərəfi böyük səhvlər buraxıb, hərbi cinayətlər törədib. Bu, növbəti böyük səhv ola bilər". Azərbaycan lideri bu mesajı ilə bu gün düz 1 ili tamam olan Tovuz hadisələrinin zəmin yaratdığı 44 günlük savaşın Ermənistan üçün hansı acı olaylarla nəticələndiyini yada salıb. Prezident bu sözlərlə Ermənistanın sülh sazişindən boyun qaçıracağı təqdirdə növbəti əməliyyatların qaçılmaz olacağı siqnalını da verib.

Bəli, belə də olacaq! Çünki rəsmi İrəvanın sülh sazişindən boyun qaçırması, bu gün Şuşa, Ağdam, Kəlbəcər, hətta Naxçıvan istiqamətində belə atəşkəsi pozması növbəti ərazi iddialarını ortaya atmaqla yanaşı, işğalçılıq siyasətlərindən əl çəkməyəcəklərinin göstəricisidir. Azərbaycan Prezidenti Tovuz hadisələrindən sonra çıxış etdiyi bütün kürsülərdən mütəmadi olaraq Ermənistan rəhbərliyinə təxribatları təcili dayandırıb münaqişəni danışıqlar yolu ilə həll etmək imkanından yararlanmağa dəvət etsə də, düşmən niyyətindən əl çəkmədi. Nəticə isə göz önündə, dünya da bu gün artıq Azərbaycanın regionda yaratdığı yeni reallığı qəbullanmağa başlayıb. 

Dövlət başçısının da qeyd etdiyi kimi, bizim Ermənistana sülh təklifimiz yeni real vəziyyətə əsaslanır: "Biz hesab edirik ki, məsələ həll olunub, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Bir-birinin ərazi bütövlüyünün tanınması olmalıdır, sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir. Onu da bildirməliyəm ki, delimitasiya işləri ilə bağlı indi beynəlxalq təşkilatlar da müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər. Necə ki, vaxtilə əgər öz xoşları ilə bizim torpaqlarımızdan çıxsaydılar, bu qədər rəzil duruma düşməzdilər. Bizim bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir. Əgər buna Ermənistanda mənfi reaksiya versə, bunu da özləri bilərlər. Amma yenə də deyirəm, yenə də peşman olacaqlar. Biz isə bundan sonra ancaq və ancaq irəli gedəcəyik". Məncə Ermənistan rəhbərliyi bu çağırışdan nəticə çıxarmalıdır. Qarşı tərəfin növbəti dəfə səhvə yol verməsi bu dövlətin məhvi ilə nəticələnə bilər. Azərbaycan Prezidenti bunun baş verməməsi üçün düşmənə yaratdığı şansdan yararlanmağı təklif edib. Çünki əksini nəinki Ermənistan rəhbərliyi, cəmiyyəti, heç dünya erməniləri, heç havadarları da qaldıra bilməyəcəklər.

Azərbaycan Prezidenti bu çıxışında da bir daha xatırladıb ki, "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb. Biz bunu birtərəfli qaydada həll etmişik. Əgər kimsə, mən ordan-burdan eşidirəm, yenə də başlayıb ki, məsələ öz həllini tapmalıdır, bu münaqişə həll olunmayıb. Çox yanlış və təhlükəli yoldadırlar. Əgər həll olunmayıbsa, onda qoy bizə izahat versinlər, necə həll olunmalıdır. Hesab edirik ki, bu, həll olunub, artıq müharibə dövrü arxada qalıb. Buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq". Bir dövlətin başçısı düşmənə ağlını başına yığmaq üçün bundan betər xəbərdarlıq edə bilməzdi. Çünki Prezident bundan öncəki çıxışlarında da, bu dəfə də qeyd etdi ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlənməməlidir. Artıq Dağlıq Qarabağ yoxdur, Qarabağ var. Prezident İlham Əliyevin iyulun 7-də imzaladığı Fərman da (Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonası yaradıldı - red) bu xülya ilə yaşayan ermənilərin ərazi iddialarının dəfni idi. 

Dövlət başçısının şəhid ailələri və müharibə əlilləri ilə görüşü zamanı növbəti açıqlamasının isə ermənilərin qorxulu röyasına çevriləcəyi şübhə doğurmur: "Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. İndi bütün kommunikasiyalar açılandan sonra, əlbəttə, biz qayıdacağıq və Azərbaycan əhalisi öz dədə-baba torpaqlarına qayıdacaq. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə".

Qafan şəhəri

Bəli, Azərbaycan Prezidenti tarixin müxtəlif dövrlərində zəbt edilən, işğal edilən Azərbaycan torpaqlarının da geri qaytarılmasının vaxt-vədəsinin yetişdiyi mesajını verdi. Azərbaycan bu gün istər iqtisadi, istər hərbi, istərsə də xalq olaraq milli ruhu ilə ona məxsus olan bütün tarixi gerçəkliyi bərpa etmək iqtidarındadır. "İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq" sözləri ilə dövlət başçısı Azərbaycanın öz tarixi torpaqlarına qayıtmasının məqamının yetişdiyini və bu yolda heç bir qüvvənin bizi dayandıra bilməyəcəyini açıq bəyan edib. Çünki bunun başqa yolu yoxdur...

Təhməz Əsədov


Etiketlər:  Bakıdan Zəngəzur mesajı Düşmənin ritmini pozacaq çağırış


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ