Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2021 08:54
Kolumbiyanın nüfuzlu siyasi xəbər agentliklərindən olan "El Expediente" və "LaOtraCara" portallarında tanınmış jurnalist Roberto Trobaxonun işğaldan azad olunmuş ərazilərimizə etdiyi səfərin təəssüratları barədə "Azərbaycanın yenidən dünyaya gəlişi" başlıqlı məqaləsi dərc olunub.
Azərbaycanın Meksikadakı səfirliyindən Sonxeber.net-a verillən məlumata görə, Cəbrayıl, Fizuli, Gəncə, Ağdam və Şuşa şəhərlərində səfərdə olmuş jurnalist yazısında 30 ilə yaxın işğalda saxlanılmış Azərbaycan ərazilərində Ermənistan tərəfindən mülki yaşayış infrastrukturunun, dini ibadət yerlərinin, memarlıq nümunələrinin və çoxəsrlik mədəniyyət incilərinin dağıdıldığını və yağmalandığını bildirir.
Bu xüsusda, müəllif "Qafqazın Hiroşiması" adlandırdığı Ağdam şəhərində şahidi olduğu erməni vandalizmini xüsusi qeyd edir, şəhərin bir daha yaşayış üçün əlverişli hala gətirilə bilinməməsi üçün maksimum dərəcədə məhv edildiyini, Ağdam Dram Teatrının, Çörək Muzeyinin, yüzillik sarayların yerlə-yeksan edildiyini, məscidlərdə heyvan bəslənildiyini, Ağdamın "Qarabağ" futbol klubunun stadionunun yararsız hala salındığını məlumat verir.
Müəllif Cəbrayıl şəhərində kütləvi məzarlıqların talan edildiyini və erməni silahlı qüvvələrinin bu prosesdən gəlir mənbəyi kimi də istifadə etdiyini, habelə ətrafdakı çoxillik su bulaqlarını tamamilə qurutduğu və həmin bulaqları bəzəyən müxtəlif fiqurları talan etdiyini qeyd edir.
Şuşanın Azərbaycan üçün mənəvi dəyəri və ölkə mədəniyyətindəki müstəsna yeri haqda danışan kolumbiyalı jurnalist, əlçatmaz Şuşa qalasının Azərbaycan silahlı qüvvələrinin qeyri-adi şücaəti və əzmkarlığı sayəsində azad edildiyini vurğulayır. Qədim Şuşa qalasının əzəməti və Cıdır düzünün gözəlliyinə heyran olduğunu ifadə edən müəllif, burada da Azərbaycanın tarixi və mədəni irsinin erməni vandalizminin qurbanı olduğunu bildirir.
Bu ərazilərdə şəhər və qəsəbələrin yenidən qurulması və azərbaycanlı əhalinin öz evlərinə qayıdışına əngəl törətmək məqsədilə Ermənistan tərəfindən kütləvi minalanma aparıldığını deyən müəllif, Azərbaycanın burada intensiv minatəmizləmə, bərpa və yenidənqurma işləri həyata keçirdiyini və bu şəhərlərin tezliklə əvvəlkindən də gözəl, baxımlı hala gətiriləcəyini qeyd edir.
Sonda müəllif qədim və gözəl diyarların işğalçı dövlətin vandalizmi nəticəsində xarabalığa çevrildiyinə şahid olduğunu, ancaq dərin mənəviyyat və əzmkarlıq sayəsində yenidən, daha güclü şəkildə doğulmağın mümkün olduğunu Azərbaycan xalqından öyrəndiyini vurğulayır.
https://elexpediente.co/renacer/
https://laotracara.co/nota-ciudadania/el-renacer-de-azerbaiyan/