Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2021 23:46
Dünyada istiləşmə nəzarətdən çıxır və buna görə "birmənalı" günahkar insanlardır. Belə bir xəbərdarlıqla avqustun 9-da BMT-nin iqlim dəyişikliyi üzrə qurumu çıxış edib.
Sonxeber.net qərb mediasına istinadən xəbər verir ki, İqlim Dəyişikliyi üzrə Beynəlxalq Ekspertlər Qrupunun (ingiliscə qısa adı: IPCC) hesabatında deyilir ki, atmosferdə istixana qazlarının səviyyəsi iqlim pozuntusu yaradacaq səviyyədə yüksəkdir. Bundan başqa indi baş verən ölümcül isti dalğaları və qasırğaların getdikcə daha da kəskinləşəcəyi gözlənilir. BMT-nin Baş katibi Antonio Quterres hesabatı "bəşəriyyət üçün fövqəladə vəziyyət" adlandırıb, kömürdən və digər yüksək çirklənmə yaradan yanacaqdan istifadəni dayandırmağa çağırıb:
"Qlobal istiləşmə Yer üzünün hər bir regionuna təsir göstərir və dəyişikliklərin çoxunun qarşısını almaq mümkün olmur... Nə qədər ki kömür və digər mədən yanacağı planeti məhv etməyib, bu hesabat onlar üçün əcəl zəngi kimi səslənməlidir", - Quterres deyib.
Müxtəlif ölkələr və kampaniyaçılar hesabata reaksiya veriblər. ABŞ Prezidentinin İqlim üzrə təmsilçisi Con Kerrinin sözlərinə görə, hesabat iqlim böhranının daha ciddi şəkil alacağını, gələn onillikdə iqlimlə bağlı təcili tədbir gərəkdiyini aydın şəkildə göstərir. Britaniyanın Baş naziri Boris Conson deyib ki, növbəti onillik planetin gələcəyinin təmin edilməsində həlledici olacaq.
Kamran Seyidov