Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2021 10:03
"Ötən il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində kənd təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında" ölkə prezidentinin sərəncamının icrasına başlanılıb.
Bu barədə Sonxeber.net-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, hərbi təcavüz nəticəsində aqrar sektorda fəaliyyətinə zərər dəymiş 980 nəfərin siyahısı müəyyənləşib. Zərərin predmeti kimi iri və xırdabuynuzlu heyvan, at, ev quşu, ot bağlaması, texnika, arı yeşiyi, qazılmış səngərlərə görə bitkilərə dəymiş ziyan, qazılmış səngər və mərmi düşmüş ərazilər üzrə sahədə ziyan dəymiş kənd təsərrüfatı məhsulları götürülüb.
Siyahıya əsasən, hərbi təcavüz nəticəsində Bərdə rayonunda 9, Ağcabədidə 55, Füzulidə 23, Goranboy/Naftalanda 22, Ağdamda 268, Cəbrayılda 1, Gəncədə 1, Tərtərdə 601 vətəndaşın əkin sahələrinə, kənd təsərrüfatı texnikasına, kənd təsərrüfatı məhsullarına, heyvanlarına zərər dəydiyi təsdiqlənib.
Zərərçəkmiş fermerlərin adlarına bank kartları açılıb, Prezidentin sərəncamı ilə ayrılan 1,4 milyon manat vəsait kartlara köçürülüb. Kənd təsərrüfatı fəaliyyəti ilə əlaqədar Ermənistanın hərbi təcavüzü nəticəsində zərər çəkən fermerlər bu gündən etibarən yaşadıqları ərazi üzrə "Kapital Bank" ASC-nin filiallarından bank kartlarını ala və köçürülmüş vəsaiti bankomatlarda nağdlaşdıra bilərlər.
Zərərin ödənilməsi ilə bağlı əlavə məlumat almaq istəyən fermerlərin Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə müraciət etməsi xahiş olunur.