Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2021 14:44
"Ermənistan tarixən dövlət olmayıb, bu gün də dövlət olmağa çalışsa da, dövlət deyil. Çünki bu gün Ermənistanın daxilində bir sıra siyasətçilərin və yaxud yüksək rütbəli hərbçilərin müxtəlif bəyanatlar səsləndirməsi və bir çox hallarda bu bəyanatların Ermənistan rəhbərliyinin bəhs etdiyi bəyanatlarla üst-üstə düşməməsinin şahidiyik. Bu o deməkdir ki, bu gün Ermənistanın içərisində müxtəlif siyasətçilərin, başqa-başqa dövlətlərin havadarlığının təsirlərini görürük".
Bunu Sonxeber.net-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Ruslan İmamquliyev deyib.
Polkovnik bildirib ki, bölgədə yenidən müharibə olmaq ehtimalı yoxdur:
"Nəticə etibarilə Ermənistan yekdil olaraq hər hansı istiqamətdə müstəqil qərar qəbul edə bilmir. Çünki bu, onun dövlətçilik ənənələrinə ziddir, heç bir dövlətçilik ənənələri yoxdur. Belə olan halda bu gün Ermənistanın ayrı-ayrı nazirlərinin müxtəlif fikirlər səsləndirməsi bir o qədər də ciddiyə alınmamalıdır. Çünki onlar bir çox hallarda deyilən sözləri ya həyata keçirə bilmirlər, ya da mövcud vəziyyətlə heç bir əlaqəsi olmayan fikirlərdir.
Ermənistanın bir çox hallarda imzaladığı müqavilələrə, bəyanatlara tarixən uymadığını biz görmüşük. Bu gün də Ermənistan eyni addımları atmaqdadır. Bu səbəbdən də Ermənistanın müxtəlif nazirlərinin səsləndirdiyi fikirlərin ciddi mənada bir fəaliyyətə çevriləcəyini düşünmürük.
Bölgədə yenidən müharibə olmaq ehtimalı birmənalı olaraq yoxdur. Çünki Azərbaycan 30 illik işğala son qoyaraq artıq bölgədə sülhü təmin edib və bu sülhün təminatında Ermənistanın fikrindən ziyadə, bölgədə söz sahibi olan, regionda güc olan bir sıra dövlətlərlə də lazımı razılaşmalar əldə olunub. Bu gün Ermənistanın bu cür razılaşmalara ziddiyətli olaraq ayrı-ayrı siyasətçilərinin fərqli fikirlər səsləndirməsi də heç bir məna kəsb etmir.
Azərbaycanın bundan sonra atacağı addımlar sərhədlərin tez bir zamanda delimitasiya olunmasıdır və sərhədlərimizin delimitasiya olunması ərəfəsində ölkə daxilində və yaxud da sərhədlərimizin ötəsində hər hansı bir kiçik terrorist fəaliyyətlər həyata keçirilmiş olarsa, buna adekvat olaraq antiterror əməliyyatları ilə cavab veriləcəkdir".
Xatırladaq ki, Ermənistanın müdafiə naziri Arşak Karapetyan bazar ertəsi, avqustun 9-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasla görüşündə birldirib ki, "Əgər Ermənistan-Azərbaycan sərhədində vəziyyət sülh yolu ilə həll olunmasa, İrəvan güc tətbiq etmək hüququnu özündə saxlayır". Ötən gün Nikol Paşinyan isə "Azərbaycanla danışıqları bərpa etməyə hazırıq" açıqlaması ilə diqqət çəkib.
Təhməz Əsədov