Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2021 17:15
Önümüzdəki illərdə COVID-19 peyvəndlərinin pediatrik yaş qruplarına da şamil olunacağı mümkündür. Çünki bu virus yalnız böyüklərdə deyil, pediatrik yaş qruplarında da var və onlar daha çox xəstəliyi daşımaqda önəmli rol oynayırlar.
Bunu Azərbaycanda son dövrlər uşaqlar arasında viruslu xəstəliklərin çoxalması səbəbindən onların da COVID-19 əleyhinə peyvəndlənəcəyi barədə Sputnik Azərbaycan-ın sualını cavablandırarkən pediatr Telman Aytayev deyib.
O qeyd edib ki, mövsümdən asılı olaraq epidemiyalar fərqli olur: "Hazırda qastroenterik və qrip əlamətlərinin olduğu virus xəstəlikləri daha çoxdur. Kəskin qastroenteriklərin əsas səbəbi rotaviruslardır. Digər tənəffüs yolu xəstəliklərində isə inflüensiya virusları əsas səbəbdir. Rotaviruslara qarşı da peyvənd var və bu viruslardan qorunmaq üçün vaksinasiya vaxtında edilməlidir. Bu virusun əlaməti qarıngetməsi, hərarət, qaytarmadır. Peyvəndlə isə xəstəliyin qarşısını almaq mümkündür".
Qrip peyvəndinin hər il olduğuna diqqət çəkən pediatr deyir ki, xüsusən də 5 yaşdan aşağı və 60 yaşdan yuxarı insanlar risk qrupuna daxil olduqlarından onlara bu vaksin mütləq vurulmalıdır: "Bundan başqa, xroniki xəstəliyi olanlar da mütləq şəkildə vaksin olunmalıdırlar. 9 yaşından öncə uşaqlara ilk ildə 2 doza, sonra isə hər il 1 doza qrip vaksini vurulur. Peyvənd yolu ilə birinci il 60-70, ikinci ildən sonra isə 70-80 faizədək qrip kimi xəstəliklərin qarşısını almış oluruq".
Pediatr bildirir ki, ümumilikdə peyvənd xəstəliklər və onların fəsadlarının qarşısını almaqda birinci və ən zərərsiz üsul hesab olunur: "ÜST və Səhiyyə Nazirliyi də tövsiyə edir ki, bütün uşaqlar peyvənd olunmalıdırlar. Belə düşünürəm ki, peyvənd məsələsi öncəkindən daha ciddi olacaq. Çünki viruslar öncəkindən daha çox ola bilər".
Uşaqların COVID-19 vaksini ilə peyvəndlənməsi məsələsində isə, pediatrın sözlərinə görə, ABŞ pioner olub: "Amerikada üç yaşından yuxarı 500 uşaq üzərində bu peyvəndlər həyata keçirildi və heç bir yan təsir aşkarlanmadı. "Pfizer"in də pediatrik qruplarla bağlı araşdırmaları var, lakin onlar hələlik görülən işlərin nəticələrini tam olaraq açıqlamayıblar".
Tibb üzrə ekspert Ədalət Rüstəm isə uşaqlara COVID-19 əleyhinə vaksinlərin vurulmasına heç bir ehtiyac duyulmadığını deyir. O bunun səbəbini uşaqların bu xəstəliyi yüngül keçirmələri ilə izah edir: "Sadəcə olaraq əhalinin 18 yaşdan yuxarı yaş qrupunu peyvəndləmək lazımdır. Heç olmasa, ölkə əhalisinin 70 faizini vaksinləşdirmək lazımdır".