Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu çay nə zaman və necə istifadə olunmalıdır?

Bu çay nə zaman və necə istifadə olunmalıdır?

Tarix: 15 Avqust 2021 18:03

Xalq təbabətində ən çox istifadə olunan bitkilərdən biri də çobanyastığıdır. Çobanyastığından daha çox dəmləmə, çay kimi istifadə olunur. Çobanyastığının hansı faydaları var? Ondan ən çox hansı problemlər zamanı istifadə olunmalıdır? Çobanyastığı necə istifadə olunmalıdır?

Sonxeber.net həkim-fitoterapevt Fizuli Hüseynovun bununla bağlı fikirlərini təqdim edir:

Təkcə xəstələndiyiniz zaman yox, bir adət halına gətirib həftədə 5-6 dəfə çobanyastığı çayı içməyinizi tövsiyə edirəm. Məsələn, axşam yatmazdan əvvəl 1 stəkan dəmləmə içmək həm əsəbləri sakitləşdirir, həm də yuxunu dərinləşdirir.

Çobanyastığı çiçəklərini axşamlar yatmazdan əvvəl süddə də dəmləyib içmək olar. Bu üsul daha çox Amerikada yayılıb.

Çobanyastığı bitkisinin bir neçə növü var. Çay kimi faydalarına görə kiçik və çiçəyinə əl vuranda ovulan növündən, yəni aptek çobanyastığından istifadə olunur. Azərbaycanda daha çox çiçəkləri böyük olan çobanyastığı növləri geniş yayılıb. Bunlar xaricə, müxtəlif dəri səpgilərində, diatezlərdə, dəri ləkələrində və əsəbləri sakitləşdirmək üçün vanna şəklində istifadə olunur. Yaxşı olar ki, çay kimi daxilə içilən çobanyastığını apteklərdən alasınız.

Çobanyastığı bitkisinin faydaları

Statistik araşdırmalar göstərir ki, dünyada hər gün 1 milyondan çox insan çobanyastığı çayından istifadə edir.

Mədə yarası kimi qeyri-spesifik xəstəliyin bəzən illərlə müalicə olunmasına baxmayaraq heç bir nəticə əldə olunmur. Belə xəstələr 3 ay gündə 4 dəfə çobanyastığı çayı içsələr faydalı olar.

Çobanyastığı çiçəyinin spazmolitik effekti var. Ona görə də köpdə, ishalda, bağırsaq spazmlarında gündə 3 dəfə içilir.

Qastrit və kolitdə, mədə-bağırsaq yaralarında gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir.

Çobanyastığı çiçəyi çayından müntəzəm istifadə şəkərli diabetin inkişaf riskini azaldır, görmə itiliyini artırır, onu mütəmadi içənlər piylənmir, əksinə həmişə formada qalırlar, əsəbləri gərgin olmur, yuxu problemləri olmur, dəriləri canlı qalır, çünki çobanyastığı təbii antioksidant mənbəyidir və qocalmanı ləngidir.

Aybaşı pozulmasından əziyyət çəkən və klimakterik dövrdə olan xanımlarımız üçün faydalı bir çaydır.

Ağız, boğaz yaralarında, faringitlərdə 1 xörək qaşığı çobanyastığı 1 stəkan suda dəmlənilir və gündə 3 dəfə qarqara edilir.

Rinitlərdə və allergik rinitlərdə, haymoritdə 2 xörək qaşığı çobanyastığı 2 stəkan suda dəmlənilir, yavaş təzyiqlə burun dəliklərindən birinə vurulur və digər burun dəliyindən tökülür; bunu gündə 2 dəfə etmək lazımdır.

Göz sulanması, konyuktivit, iltihab və qızarmalarda 1 çay qaşığı çobanyastığı 1 stəkan suda dəmlənir, yavaş-yavaş gözə tökülərək göz almaları yuyulur.

Uşaqlarda bağırsaq infeksiyaları zamanı 1 xörək qaşığı çobanyastığı 3 stəkan suda dəmlənir və bağırsaqlar yuyulur.

Frontit və haymorit zamanı 2 xörək qaşığı çobanyastığı 1 stəkan suda vam odda qaynadılır, buxarı üzə verilir. Bu zaman baş dəsmalla örtülməli, otaq isti olmalıdır. Yaxşı olar ki, bunu gecə yatmazdan əvvəl edəsiniz.

0,5 litrlik şüşə butulkanı yarıya qədər çobanyastığı ilə doldurun, üstünə tam dolana qədər zeytun yağı tökün, ağzını bağlayın 40-60 dərəcəli sobanın və ya otaq isidicisinin üstündə 2 həftə saxlayın, sonra süzün, çobanyastığı yağı alınır. Bu yağ dərini parıldadır, təravətləndirir, yuyunmazdan 2-3 saat əvvəl bu yağla dəri masaj edildikdə təsiri daha yaxşı olur. Oynaq ağrılarını azaldır, kiçik yaşlı uşaqlarda qarın ağrısı zamanı bel və qarın nahiyələrinin çobanyastığı yağı ilə ovuşdurulması sancıları kəsir. Saç tökülməsində, kəpəklənmələrdə yuyulmazdan 3 saat əvvəl saç dibləri çobanyastığı yağı ilə masaj edilir.


Etiketlər:  çay zaman necə istifadə olunmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ