Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğanla Mitsotakis Əfqanıstanı müzakirə etdi

Ərdoğanla Mitsotakis Əfqanıstanı müzakirə etdi

Tarix: 21 Avqust 2021 08:34

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasında telefon danışığı olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin məlumatında deyilir.

Əfqanıstandakı hadisələr, regional problemlər, miqrasiya məsələləri, həmçinin ikitərəfli münasibətlər müzakirə olunub.

Prezident Ərdoğan Əfqanıstanın növbəti dəfə böhran dövrünü yaşadığına diqqət çəkib. Dövlət başçısı bu ölkədə "hamar keçid dövrü"nün həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Türkiyəli lider taliblərin keçid dövrü məsələsi ilə bağlı ölkənin bir sıra siyasi liderləri ilə danışıqlar aparmasını ümidverici adlandırıb.

Türkiyə dövlət başçısı xəbərdarlıq edib ki, Əfqanıstanda keçid dövrü təmin edilməsə, onsuz da pik həddə çatmış miqrasiya təzyiqi bütün maraqlı tərəflər üçün ciddi çağırışa çevriləcək.

Türkiyə Prezidenti, həmçinin vurğulayıb ki, Əfqanıstanda formalaşacaq yeni hökumət inklüziv olmalı və xalqın bütün rəngarəngliyini əks etdirməlidir.

Türkiyə lideri qeyd edib ki, Ankara ilə Afina arasında miqrasiya sahəsində əməkdaşlıq qarşılıqlı anlaşma və maraqlar əsasında gücləndirilməlidir.

Söhbət zamanı liderlər Türkiyə və Yunanıstandakı meşə yanğınları ilə bağlı bir-birilərinə başsağlığı veriblər.

Ərdoğan Türkiyədə meşə yanğınlarının nəzarət altına alındığını və bu təbii fəlakətlə mübarizədə Yunanıstana kömək etməyə hazır olduğunu bildirib.

Türkiyə Prezidenti iqtisadi və ticarət münasibətləri üzrə Birgə Fəaliyyət Planı çərçivəsində layihə və mexanizmlərin müzakirə ediləcəyi iki ölkənin səlahiyyətli orqanlarının iclaslarının başlanmasından məmnunluğunu ifadə edib.

O, həmçinin Türkiyə - Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yenidən işə salınmasının zəruriliyini qeyd edib.

Milli.Az


Etiketlər:  Ərdoğanla Mitsotakis Əfqanıstanı müzakirə etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ