Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnsultun növləri

İnsultun növləri

Tarix: 21 Avqust 2021 22:42

Ədəbiyyatda hemorraqik (beyinə qan sızma) və işemik (beyin infarktı) insultları qeyd edilir. Hemorraqik insult daha ağırdır.

Əksər hallarda bu tip qansızmaya arterial təzyiqin kəskin artması səbəb olur - bu təzyiqə davam gətirməyən qan damarı cırılır və qan beyin toxumasına yaxud beyin qişaları altına sızır. Qanın beyin toxumasına hopması nəticəsində iri bir sahədə ödem inkişaf etməsi və hətta həmin sahənin tam sıradan çıxması üçün bir neçə dəqiqə kifayət edir.

Hemorraqik insulta 45-60 yaşında qadın və kişilər daha çox meylli olur. Bir qayda olaraq, həmin hal gündüz vaxtı və qəflətən baş verir, daha çox əsəbi və ya fiziki gərginlik, həyəcan, həddən artıq yorulmadan sonra qeyd olunur. Bəzən bu növ insultdan bilavasitə əvvəl xəstədə üzün qızarması, baş ağrısı, ətrafdakı əşyaları qırmızı rəngdə görmək kimi əlamətlər qeyd edilir. Daha sonra xəstədə çaşqınlıq vəziyyəti, nitqin pozulması, patoloji hissiyat, nəbzin azalması (bradikardiya) və gərgin olması, arterial təzyiqin və hərarətin artması, alının tərləməsi kimi simptomlar qeyd olunur. Bu arada huşun yüngül kütləşməsi onun tam itirilməsinə və hətta koma vəziyyətinə qədər inkişaf edə bilər - insan qəflətən başı daxilində bir "zərbə" hiss edir və huşunu itirir.

Bu zaman xəstənin xarici görünüşü də spesifikdir: küylü və ya xırıltılı tənəffüs, boyun nahiyyəsində damarlarda nəbzin bəzən hətta gözlə izlənə bilməsi, xəstənin baxışının bir tərəfə yönəlməsi, qusma, bəzən ətrafların iflic olması.

Xəstəliyin digər növü isə işemik insult və ya baş beyinin infarktı adlanır. Bu halda nə damarın cırılması, nə də qansızma baş verir, lakin qanın damarla hərəkəti əhəmiyyətli dərəcədə azalır və ya tam dayanır - səbəb isə damarın kəskin daralması (spazm) və ya tutulması olur. Damarın tutulması zamanı "tıxac" rolunu qan laxtası (tromb) və ya aterosklerotik atma oynayır.

Hemorraqik insultdan fərqli olaraq işemik insult surətlə inkişaf etmir, simptomlar isə qısa müddətdən sonra azala və ya tam aradan qalxa bilər (kiçik insult). Lakin bu həmin növ insultun az təhlükəli olması anlamına gəlmir - tıxacın ölçüləri tədricən və ya qəflətən artarsa beyinin müvafiq hissəsi qan təminatından tam məhrum ola bilər. Oksigensiz və qidalandırıcı məddələrsiz qalan beyin hüceyrələri bir neçə dəqiqəyə məhv olur.

Bu növ insultun əlamətləri kimi insanın görmə qabiliyyətinin, nitqinin, huşunun, hərəkət koordinasiyasının pozulması və ya ətrafların tam iflic olmasını göstərmək olar. İşemik insult daha çox gecə və ya səhərə yaxın baş verir. Bu xəstəliyə hemorraqik insultdan 4-5 dəfə daha çox rast gəlinir, ona tuş gələnlərin yaşı isə əsasən 60-dan yuxarı olur. Əsas səbəb isə əksər hallarda eynidir - arterial təzyiqin artması.

İşemik insult, hiyləgər yırtıcı kimi, insana asta-asta və gizlicə yaxınlaşır - ilk mərhələdə heç bir ağrı və ya əhəmiyyətli dərəcədə xoşagəlməz hisslər olmur: əldə, ayaqda və ya yanaqda azca keyləşmə, nitqində yüngül dəyişikliklər, baş gicəllənməsi və ya bulanıq görmə. Nə xəstə, nə yaxınları fövqaladə halın başlanması haqda düşünmürlər və beləliklə də çox qiymətli vaxt itirilir - bu ilk saatlarda beyinin zədələnmə dərəcəsini azaltmaq və ya tam qarşısını almaq mümkündür.

Buna görə yaxınlarınıza qarşı diqqətli olun! Xüsusən də risk qrupuna aid olan şəxslərə! İnsultun ilkin əlamətlərinə azca da şübhə olarsa sadə bir test keçirin - xəstədən aşağıdakıları xahiş edin:

1. Gülümsəməyi. İnsult zamanı təbəssüm əyri ola bilər və ya dodaqların bir ucu yuxarı əvəzinə aşağı yönələ bilər.

2. Danışmağı. Orta bir cümləni ifadə etsin - nitqinin dəyişilməsinə diqqət yetirin.

3. Hər iki əlini qaldırmağı. Hər iki qol eyni dərəcədə və simmetrik qalxmırsa, bu insultun əlaməti ola bilər.

4. Dilini ağzından çıxarmağı. Dilin əyri və ya qeyri-adi formada olması, bəzən bir tərəfə doğru meyl etməsi də insultun əlamətlərindəndir.

5. Ovucları yuxarı çevirməklə əlləri irəliyə uzatmağı və gözlərini bağlamağı. Əllərin biri yana və aşağıya doğru "sürüşürsə", bu da insultun əlamətlərindəndir.

Həmin əlamətlərdən biri xəstədə qeyd edilərsə və yaxud xəstə ümumiyyətlə bu çalışmaları yerinə yetirməkdə çətinlik çəkərsə, dərhal təcili tibbi yardımı çağırın! Təcili yardım briqadası gələnə qədər xəstəni uzandırın, yastığını hündür edin, dar paltarlarını boşaldın və yaxasını açın. Xəstəyə tam rahatlığı və sakitliyi təmin edin, pəncərə və ya nəfəsliyi açaraq otağın havasını dəyişin. Xəstəni bir dəqiqə də olsa nəzarətsiz qoymayın və öz həyəcanınızı büruzə verməyin. Çağırışa gəlmiş tibb işçilərinə dəqiqliklə tam məlumat verin.

İnsult əlamətləri qısa müddət "görsəndikdən" sonra tam aradan qalxsa belə, arxayın olmayın - hökmən təcili yardımı çağırın! Xəstə mütləq xəstəxanaya aparılmalı və dəqiqliklə müayinə olunmalıdır!

İnsultun ilkin əlamətləri aşkar olunduqda, təcili yardım işçiləri xəstəni uzanaq vəziyyətdə xərək üstündə müvafiq xəstəxanaya çatdırmalıdırlar. İnsult diaqnozunun dəqiqləşdirilməsi üçün müvafiq həkim-mütəxəssis kompyuter və ya nüvə-maqnit rezonansı tomoqrafiyası (KT və ya MRT) və digər müayinələri təyin edə bilər.


Etiketlər:  İnsultun növləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ