Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronaroqrafiya nədir və hansı hallarda aparılır? - Kardioloq AÇIQLADI

Koronaroqrafiya nədir və hansı hallarda aparılır? - Kardioloq AÇIQLADI

Tarix: 23 Avqust 2021 22:12

Orqanizmdə ən vacib orqanlardan biri ürəkdir. Həmin orqanın problemlərini vaxtında aşkarlamaq üçün mütəmadi olaraq kardioloq müayinəsindən keçmək lazımdır. Bəzi hallarda ürəkdə EKQ və ExoKQ ilə yanaşı, koronaroqrafiya da aparmağa ehtiyac yaranır.

Milli.Az bildirir ki, kardioloq, tibb üzrə fəlsəfə doktoru Yasmin Rüstəmovanın sözlərinə görə, koronaroqrafiya xüsusi kontrast maddə yeridilməklə, rentgen şüaları altında ürək damarlarının müayinəsidir: "Müayinə nəticələrinə əsasən ürəyi qanla təmin edən damarların tam mənzərəsini, damarların daralmasını, onların xarakteristikasını müəyyən etmək, ürəyin necə qidalandığını görmək olar. Koronaroqrafiya yalnız kardioloqun təyinatı ilə aparıla bilər. Pasiyent özbaşına bu müayinəni istəyə bilməz. Prosedur xoşagəlməz olsa da, travmatik, qorxulu və mürəkkəb deyil. Müayinə demək olar ki, ağrısız keçir. Koronaroqrafiyaya xüsusi əks-göstəriş olmasa da, müayinədən öncə xəstəlik tarixi ciddi şəkildə araşdırılır".

Kardioloq qeyd edib ki, həmin müayinə üsulu damar daralmasının müəyyənləşdirilməsi üçün önəmlidir. Çünki daralma zamanı ürək qidalanması zəifləyir və nəticədə ağrılar yaranır, stenokardiyaya və ya birbaşa infarkta səbəb olur: "70 faiz hallarda miokard infarktı məhz damar daralması ilə əlaqədar olur. Ona görə də vaxtında koronaroqrafiya edib damarın daraldığını görmək və infarktın qarşısını almaq mümkündür. Damar daralmasının qarşısını almaq üçün isə stent implantasiyasından istifadə olunur. Əgər müayinə nəticəsində koronar arteriyaların ciddi zədələnmələri ortaya çıxarsa, bu zaman aortanın açıq əməliyyatı, koronar şuntlama tələb oluna bilər".

Həkim deyib ki, bəzən koronaroqrafiya vasitəsilə damarların təmizləndiyini düşünürlər. Bu, tamamilə yanlış fikirdir. Koronaroqrafiya damarların müalicə deyil, müayinə metodudur. Əgər müayinə zamanı ürəyi qanla təmin edən damarların ciddi daralması aşkarlanmayıbsa, düzgün qida və rejimə əməl etmək şərti ilə dərman müalicəsi təyin olunur: "Damar daralması zamanı qoyulan stent adi qələmlərdə gördüyümüz, yayabənzər kiçik qurğudur və bahalı metalların qarışığından hazırlanır. Damara yerləşdirilmiş stent bir neçə ildən sonra tamamilə toxuma ilə örtülür. Adətən stenti dəyişmək lazım olmur. Lakin bəzi hallarda xəstəlik bədxassəli gedişə malik olur və damarların təkrar zədələnməsi baş verə bilir".

Milli.Az


Etiketlər:  Koronaroqrafiya nədir hansı hallarda aparılır Kardioloq AÇIQLADI


RƏYLƏR