Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İraq konfransının nəticələri

İraq konfransının nəticələri

Tarix: 29 Avqust 2021 20:44

Artıq ikinci gündür ki, dünya mətbuatı avqustun 28-29-da keçirilən "Bağdad konfransı"nın nəticələri barədə materiallar dərc edir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, avqustun 28-29-da Bağdadda regionun 9 dövlətinin iştirakı ilə konfrans keçirilib və o qədər də sabit olmayan regionun gələcəyi müzakirə edilib. Konfransın işində Türkiyə, İran, İraq, Misir, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt, Səudiyyə Ərəbistanı və Fransa təmsil olunub. Qeyd edək ki, Fransa və Misir konfransda prezident səviyyəsində təmsil olunub. General əs-Sisi və Emanuel Makronun bu tədbirdə iştirakı onun mahiyyətinin böyük olmasından xəbər verir. Digər dövlətlər konfransda xarici işlər nazirləri səviyyəsində təmsil olunub.

Konfrans çərçivəsində İranın xarici işlər naziri Əmir Abdullahiyanın Küveyt və BƏƏ-dən olan həmkarları ilə görüşməsi onu deməyə əsas verir ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxması region dövlətlərinin konsensus axtarmasına səbəb olub. Konfransın ABŞ qoşunlarının Əfqanıstandan çıxmasından sonra keçirilməsi də təsadüfi xarakter daşımır. İranın mövqeyi ondan ibarətdir ki, regiona kənardan müdaxilə edilməsin və mövcud problemləri region dövlətlərinin özləri danışıqlar yolu ilə həll etsinlər. Konfransda keçirilən görüşlər tərəflərin bu mövqe ilə razılaşmasını göstərir.

Lakin hələlik ABŞ qoşunları İraqda qalmaqdadır. Tez-tez ABŞ-ın İraqdakı hərbi bazalarına silahlı hücumların olması onların bu ölkədə arzuedilməz olduğunu sübut edir. Lakin ABŞ hərbçilərini İraqdan çıxarmağa tələsmir. Konfransdan dərhal sonra İraq Prezidenti Bəhram Saleh ABŞ-ın dövlət katibi Entoni Blinken ilə telefonla danışıb. "Əl-Cəzirə" kanalının xəbərinə görə, E.Blinken bildirib ki, İraqda terrorla mübarizə hələ başa çatmayıb. Bu isə onu deməyə əsas verir ki, İranın səylərinə baxmayaraq, rəsmi Vaşinqton hərbçilərini İraqdan hələ ki çıxarmaq fikrində deyil. Görünən odur ki, regionda ABŞ-İran qarşıdurması hələ davam edəcək. Bütün bunlarla yanaşı, regionda Suriya, Liviya, Əfqanıstan və terrorçuluq problemləri də qalmaqda davam edir.

Konfransın yekun sənədində qeyd edilir ki, regionda sülh və sabitliyin yaradılması üçün regional qüvvələr birləşməli və diplomatik səylər artmalıdır. Bu sənəddə göstərilən müddəaların həyata keçəcəyini isə zaman göstərəcək.


Etiketlər:  İraq konfransının nəticələri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ