Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2021 22:09
Sentyabrın 6-da Milli Məclisin sədri Sahibə Qafarova Avstriyaya işgüzar səfəri çərçivəsində Vyanada Latviya Parlamentinin sədri İnara Murniyetse ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sonxeber.net-a verilən məlumata görə, həmkarını səmimiyyətlə salamlayan spiker Sahibə Qafarova Azərbaycanın dost və strateji tərəfdaş Latviya ilə həyatın müxtəlif sahələrində əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirib. Milli Məclisin sədri qeyd edib ki, hər iki ölkə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ikitərəfli münasibətlərimizin inkişafında yeni mərhələ başlayıb və ötən dövrdə siyasi, iqtisadi və humanitar sahələrdə uğurlu əməkdaşlıq həyata keçirilib. Sahibə Qafarova ikitərəfli əlaqələrin inkişafında dövlət başçılarının xüsusi rolunu vurğulayaraq, ölkə liderlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə qeyd olunub ki, Azərbaycan və Latviya arasında Avropa strukturları, Şərq tərəfdaşlığı və digər beynəlxalq platformalarda da sıx əməkdaşlıq mövcuddur. İkitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində qurulan əlaqələr qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə söykənir.
Spiker S.Qafarova Azərbaycan və Latviyanın qanunverici orqanları arasında əməkdaşlıqdan danışaraq, hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə Milli Məclisin sədri latviyalı həmkarına Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı Zəfər haqqında məlumat verərək deyib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun şücaəti sayəsində Ermənistanın 30 illik işğalına son qoyulub. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü yerinə yetirərək ərazi bütövlüyünü bərpa edib. Spiker Sahibə Qafarova Qarabağ münaqişəsinin artıq tarixə qovuşduğunu vurğulayaraq, hazırda işğaldan azad olunan ərazilərimizdə bərpa və quruculuq işlərinə başlandığını bildirib. O, həmçinin qeyd edib ki, Ermənistan 30 il işğal altında saxladığı şəhər və kəndlərimizi, tariximizə və mədəniyyətimizə aid abidələri dağıdıb, milli sərvətlərimizi talan edib, dini abidələrimizi, məscidlərimizi təhqir edib, həmin ərazilərin infrastrukturu tamamilə məhv olunub. Sahibə Qafarova Ermənistanın regionda davamlı sülhün təmin olunmasına mane olan təxribatçı hərəkətləri barədə də məlumat verib.
Latviya Parlamentinin sədri İnara Murniyetse də öz növbəsində Azərbaycan Milli Məclisinin sədrini səmimiyyətlə salamlayaraq, ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edib. O, Latviyanın Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini söyləyib. Bildirilib ki, yüksək səviyyəli siyasi əlaqələrimiz iqtisadi, mədəni, humanitar sahələrə də öz müsbət təsirini göstərir.
İnara Murniyetse beynəlxalq münasibətlər sistemində parlament diplomatiyasının əhəmiyyətini vurğulayaraq, ölkələrimizin qanunverici orqanları arasında münasibətlərdən bəhs edib, parlamentlərarası əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri, ikitərəfli və beynəlxalq platformalarda əməkdaşlığın müxtəlif aspektləri barədə danışıb. O, bu əlaqələrin yüksələn dinamika üzrə inkişaf etdiyini və qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafına xidmət etdiyini deyib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.