Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2021 03:06
Dişlər - həzm sisteminin vacib hissələrindən biridir. Bütün mədə-bağırsaq sistemi orqanlarının sağlamlığı dişlərin sağlamlığından çox asılıdır. Hətta 1 dişin olmaması həzm sisteminə çox mənfi təsir edir.
Məhz buna görə dişlərə düzgün qulluq etmək, onları qorumaq, vaxtında müalicə etmək və tələbat yarandığı halda mütləq protezləşdirmək lazımdır.
Diş - görünən tac (yuxarı) hissəsindən və çənə sümüklərindəki xüsusi yuvalarda gizlənən kök hissədən ibarətdir. Ön dişlərin bir kökü, ağız boşluğunun arxa hissəsinə doğru yerləşən dişlərin isə iki və ya üç kökü olur. Dişin əsas hissəsini bərk, sümük tərkibli maddə olan dentin təşkil edir. Dentin ağrını hiss etmək xüsusiyyətinə malikdir. Dentin qatı qoruyucu vəzifə daşıyan emal təbəqəsi ilə örtülmüş olur. Emal təbəqəsi möhkəm toxumadan ibarət olub, ağrını hiss etmək qabiliyyətinə malik deyil. Diş kökləri sement qatı ilə örtülmüşdür ki, bu da onların çənədəki diş yuvasında saxlanmasını təmin edir.
Dişin mərkəzi hissəsi (diş tacından diş köklərinin sonunadək) həssas və yumşaq toxuma olan pulpa ilə dolmuşdur. Diş kökünün sonunda çox kiçik bir dəlik vardır ki, bu dəlikdən pulpa toxumasına sinir lifləri və qan damarları daxil olur.
Normada insanın hər çənəsində 16 ədəd, ümumilikdə isə 32 ədəd diş olur. Bu, yalnız 4 ağıl dişi də (hər iki çənənin sonunda 2 kənar diş olmaqla) çıxdığı halda baş verir. Ağıl dişləri, adətən, 18-25 yaş hədlərində, bəzi hallarda isə daha geç çıxır. Hal-hazırda insanların ¼ hissəsində ağıl dişləri ya, ümumiyyətlə, çıxmır, ya hamısı çıxmır, ya da dişlər yalnız uzunluğunun yarı ölçüsünə qədər çıxır. Alimlər bunu sivilizasiyanın inkişafı nəticəsində hazırkı insanların öz uzaq, hətta çox uzaq olmayan əcdadlarına nisbətən qidaları xeyli dərəcədə az çeynəmələri ilə izah edirlər. Buna görə də orqanizm öz ehtiyatlarını qənaət edərək ona lazım olmayan ağıl dişlərinin çıxmasını, sadəcə olaraq "ləğv edir".
Gülümsəmə zamanı ön və ya frontal dişlər görünür. Bunlara kəsici dişlər (onların ümumi sayı 8 olub hər çənədə 4 sayda olmaqla yerləşirlər) və köpək dişləri (ümumi sayı 4 ədəd olmaqla, hər çənədə 2 sayda - sağda və solda yerləşirlər) aiddir. Kəsici dişlər qida parçasını dişləyir və ya kəsir, köpək dişləri isə onu yeyilən qidadan qoparmağa kömək edirlər. Kökləri digər dişlərdən uzun olduğu üçün köpək dişləri daha çox davamlı hesab olunur. Köpək dişlərindən sonra yan dişlər - premolyar və molyar dişlər başlayır.
8 ədəd olan premolyar və 12 ədəd olan molyar dişlər (bütün ağıl dişləri çıxdığı halda) qidanın parçalanması, xırdalanması, üyüdülməsi və çeynənməsi proseslərinə cavabdehlik daşıyırlar.