Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2021 16:33
Gorus-Qafan yolu İranla Ermənistan arasında dövlətlərarası M2 yolu hesab edilir. Bu yolun Ermənistan üçün həyati əhəmiyyət daşıdığını hələ I Qarabağ müharibəsi dövründə Ermənistan tam blokada vəziyyətinə salındıqda şahidi olduq. Həmin dəhlizlə İran Ermənistanı blokadadan xilas etdi.
Eyni zamanda Gorus-Qafan yolu Ermənistanın enerji təchizatında qan damarı rolunu oynamaqda idi. Hər şey təxminən bir ay öncəyə kimi İranla Ermənistanın planlaşdırdığı kimi gedirdi. Lakin 44 günlük müharibə ilə regiondakı daşları yerindən oynadan, bölgəyə nəzarəti əlinə keçirən Azərbaycan məğlub tərəfdən güclü, diqtə edən qüvvəyə çevrildi. Belə bir vəziyyətdə rəsmi Bakı İranın Ermənistana qanunsuz silah-sursat, yanacaq, yeyinti məhsulları tədarükünə göz yuma bilməzdi. Bakının iki dəfə müxtəlif kanallar vasitəsi ilə İrana Azərbaycanın ərazi bütövlüyünə bu hörmətsiz davranışını dayandırması barədə xəbər göndərsə də bir xeyiri olmayınca gözlənilən qərar verildi və İrana məxsus yük maşınlarının qanunsuz Qarabağ səfəri deaktiv edildi. Bununla da Tehranın Bakıya qarşı zəhəri fışqırmağa başladı.
30 ildir Ermənistanın işğalında olan Azərbaycanla 130 kilometrlik sərhəd boyunca irimiqyaslı təlimlərlə Azərbaycana xox gəlmək istəyən Tehran bunun nəticəsiz qaldığını görüncə öncə əyalət mollabşlarından birini ortaya atdı, bu da nəticə verməyincə Tehran rəsmiləri açıq şəkildə Bakını təhdid etməyə, onu gözünçıxdıya salmağa başladılar. Azərbaycanı "sionistləri Qarabağa yerləşdiriblər" deməklə Azərbaycana qarşı dini mənsubiyyət faktorunu qabardaraq istifadə etməyə çalışsalar da cəhdləri işə yarımadı. Prezident İlham Əliyev dünən Araz çayının kənarında "hardadır burada İsrail?" deyərək Tehranın bəyanatlarına seyrçi qalmayacağını açıq bəyan etdi.
Bu zamana kimi Azərbaycana "şiə qardaşımız", "din qardaşımız" deyib Ermənistana hər cür yardımını əsirgəməyən İran təhlükəli sularda üzdüyün fərqində deyil. Özünü daim islam ölkəsi kimi dünyaya, ələxsus da müsəlmanlara sırımağa çalışan Tehran höküməti daha hər şeyin əvvəlki kimi olmayacağının fərqinə varmalıdır.
İran hakimiyyətinin ermənipərəst siyasəti heç bir dinə sığmır. Tehranın Ermənistanla dostluq, qardaşlıq siyasəti yürütməsi, dar gününün dostu olmasınının biz hələ I Qarabağ müharibəsi zamanı şahidi olduq. Sələfləri Ter-Petrosyan, Robert Köçəryan kimi Ermənistanın baş naziri Nikol Paşinyanın da bu yaxınlarda İranın Ermənistan üçün "nəfəslik" olması barədə fikirləri Tehran höküməti üçün Ermənistanın İslamdan da yuxarda dayandığını göstərir. Çünki daim müsəlman həmrəyliyindən danışan İran Azərbaycan torpaqlarını zəbt edib, viran qoyan, məscidləri təhqir edən, onları dağıdan Ermənistana barmaq silkələmək əvəzinə haylara görə Azərbaycanla üz-göz olmaq, münasibətləri korlamaq yolunu seçdi.
Azərbaycan ərazilərinin 30 illik işğalı dövründə əksər müsəlman ölkələri Azərbaycana dəstək verirdilər, onlardan Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı, hətta Cibuti belə Ermənistanla diplomatik əlaqələr qurmurdular. Müsəlman aləmində yalnız İran qatı ermənipərəst siyasət yürütməsi və bunu nümayəşkəranə şəkildə, açıq-aşkar öz əməlləri ilə sübut etməsi Bakının bundan sonrakı mövqeyində heç şübhəsiz ki, seziləcək. Çünki bu vaxta kimi Azərbaycan heç vaxt öz ərazisindən üçüncü ölkələrin İrana qarşı istifadə etməsinə imkan vermədiyi, bütün təyzyiqləri gözə alaraq mövqeyini dəyişdirmədiyi halda İran çox asanlıqla sözdə "din qardaşı", "şiə qardaşı" adlandırdığı Azərbaycana xəyanət etdi.
Baxmayaraq ki, İran Konstitusiyasının 152-ci maddəsinə görə, bütün müsəlmanların hüquqlarının müdafiəsi, Konstitusiyanın 154-cü maddəsi isə dünyanın istənilən yerində məzlumların dəstəklənməsi məsələsi İran xarici siyasətinin əsas prinsiplərindən biri kimi göstərilir. Buna rəğmən İran Qarabağ münaqişəsində Azərbaycan müsəlmanlarına münasibətdə bu prinsiplərin nəyinki heç birinə əməl etmədi, üstəlik azzərbaycanlılara qarşı soyqrım törədən, kütləvi qırğın silahlarından istifadə edərək uşaq, yaşlı demədən qətlə uetirən terrorçu Ermənistana yardımını əkslitmədi.
İranın ali rəhbəri Ayətullah Xameneyinin "Qarabağ islam torpağıdır" deyimi daim İran rəsmiləri tərəfindən guya İranın ədalətli mövqeyinin sübutu kimi təqdim olunsa da, rəsmi Tehranın heç vaxt Ermənistandan həmin torpaqdan çıxmağı tələb etmədiyini hər kəs bilir. Lakin, Azərbaycan artıq hər kəs ilə öz dilində danışmaq siyasətində qərarlıdır və bu yolda heç bir maneə Bakının qarşısını ala bilməz. İlham Əliyev Cəbrayıl səfəri zamanı da bu yöndə Ermənistana və ona havadarlıq edən qüvvələrə, dövlətlərə açıq mesajlar verdi.
Azərbaycan heç vaxt heç bir ölkəyə öz daxili işlərinə qarışmağa imkan verməyib, buna cəhd gəstərənlər də layiqli cavablarını alıblar və bu, bundan sonra da belə olacaq. İran rəsmiləri də artıq öz mənasız və populist bəyanatlarında bu reallıqları nəzərə almalıdırlar.
Təhməz Əsədov