Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2021 11:18
Azərbaycanı heç bir dövlət sevmək məcburiyyətində deyil. Lakin uzun illər boyunca "din qardaşı" adı altında pərdələnib Azərbaycana qarşı məkirli planlarını həyata keçirmək istəyən İranın hərəkətlərinə heç cürə haqq qazandırmaq olmur. Müxtəlif zamanlarda Qərbin, Amerikanın sanksiyaları ilə üz-üzə qalanda Azərbaycan yenə də İranı meydanda tək qoymadı, bir islam dövləti, qonşu kimi imkanlarını səfərbər edib müxtəlif platformalarda Tehrana açıq dəstəyini nümayiş etdirdi.
Lakin faktlar onu göstərir ki, İran heç vaxt Azərbaycana qarşı eyni səmimiyyətdə, eyni münasibətdə olmadı. Əksinə, ərazimizi işğal edən, minlərlə insanımızı qətlə yetirən, qadın-uşaq demədən olmazın işgəncələrini verib, kütləvi qətllər törədən, Xocalı kimi qara ləkəni adına yazan Ermənistana ultimatum vermək, onunla münasibətlərini dondurmaq əvəzinə dayanmadan İrəvanı silahlandırdı, istər I Qarabağ müharibəsində, istərsə də 44 günlük II Qarabağ müharibəsindən sonra Azərbaycanın düşmənini düşdüyü blokadadan çıxarmaq üçün bütün kanallarını işə saldı.
Niyə? Nə üçün? Hansı məqsədlə?
Bütün bunlar azmış kimi İran "din, şiə qardaşı" dediyi Azərbaycanda müxtəlif "dini" qrulaşmalar yaratmaq planını böyük güclə işə saldı. Və bununla da Tehran din adı altında pərdələnərək Azərbaycanda məqsədinə çatmaq üçün bu ölkədə insanların dini həssaslığından istifadə edərək məkirli planları istiqamətində müxtəlif "oyunlar" qurmağa başladılar. Bu "oyunların" mərkəzində heç şübhəsiz ki, Azərbaycanda dini zəmində insanlar arasında böyük qarşıdurmalar yaratmaq, hakimiyyətə qarşı ziddiyyətli fikirlər yaradaraq böyük iğtişaşlara yol açmaq dayandı. Səbəb gün kimi aydındır...
İranın məqsədi bütün şərq boyu yaratdığı hərbi-siyasi-dini qruplaşma tipində (Hizbullah) Azərbaycanda da qrup ("Müsəlman Birliyi Hərəkatı") yaradaraq bu ölkəni parçalamaq, güclənməyinə imkan verməmək, Tehrandan asılı vəziyyətə salmaq, azadlığını əlindən almaq, bir dövlət kimi varlığını sual altına salmaq idi. Bu məqsədlə Tehranın iğtişaşların mərkəzi kimi məhz 1991-ci ildən bəri dindarlığı ilə digər Bakı kəndlərindən seçilən, Azərbaycan İslam Partiyası və s. kimi islamçı təşkilatların əsasının qoyulduğu Nardaran qəsəbəsini seçməsi təbii ki, təsadüfi deyildi. Azərbaycanda hələ 2000, 2002 və 2006-cı illərdə Nardaranda kütləvi etiraz aksiyaları baş vermişdi ki, bunlardan 2002-ci ilin iyun ayında baş vermiş etiraz aksiyasında həm polis əməkdaşları, həm də qəsəbə sakinlərinin ölümü ilə nəticələnən böyük qarşıdurma yaranmışdı. Təkcə 5-6 il əvvələ kimi Nardaranda polislə 23 dəfə qarşıdurma qeydə alınıb. Belə iğtişaşlardan biri və ən səs-küylüsü məhz 2015-ci ilin noyabrında qeydə alındı. Lakin Azərbaycanın mövcud hakimiyyəti bu dəfə də İranın planının baş tutmasına, iğtişaşların episentrinin böyüməsinə imkan vermədi.
Polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açıldı, əl qumbarası atıldı. Toqquşma nəticəsində iki polis əməkdaşı öldürüldü. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat, əl qumbarası, digər soyuq silahlar və s. götürüldü. Cinayətkar dəstənin Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edildi. Taleh Bağırovun rəhbərlik etdiyi qruplaşma dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə "Müsəlman birliyi" adlı hərəkat yaratdıqları istintaq yekununda məlum oldu. O da təsdiqini tapdı ki, qruplaşma liderləri Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplayaraq, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar ekstremist dəstə qurublar. Həmçinin, Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə etmələri, bununla bağlı tərəfdarlarına göstərişlər vermələri və əhaliyə çağırış vərəqələri payladıqları aşkar edildi.
İstintaq yekun olaraq dövlət qurumlarının bəyanatlarına görə silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edib. Biz bunun təsdiqini 2018-ci ildə Gəncə iğtişaşları zamanı şahidi olduq. İstər Gəncədə meydanda dini ekstremistlərin yüksək vəzifəli polis zabitini amansızcasına qətlə yetirmələri, istərsə də şəhərin icra başçısına qarşı hazırlanan sui-qəsd qeyd edilən ssenarinin davamı idi.
Azərbaycan hökumətinin çevik reaksiyası "Müsəlman Birliyi Hərəkatı"nın Azərbaycanı qan gölünə çevirmək planına imkan vermədi. Nəticədə yaradılan hərbi-siyasi qruplaşmanın başında duranlar, başda Taleh Bağırov olmaqla həbs olundular. Amma nədənsə onlar hələ də Qərbdə "siyasi məhbus" kimi təqdim olunurlar. İranın sifarişini yerinə yetirən Taleh Bağırov kimi adamları "siyasi məhbus" elan edən Qərb yoxsa Azərbaycanın "terror sponsoru" olduğu beynəlxalq səviyyədə təsdiqlənmiş bir ölkə ilə qonşu olduğundan və mütəmadi onun təzyiq, təhdidləri ilə üz-üzə qaldığından xəbərsizdir? Qərb təzadlı mövqeyini kənara qoyub, Bakının din adı altında pərdələnən İran şəbəkəsini ifşa etməsini insan haqlarını pozmaq yox, regionu xaosdan, Yaxın Şərqdəki (Suriya misalı) vətəndaş müharibəsindən qurtarmaq üçün regionun, bölgənin gələcəyi, təhlükəsizliyi baxımından həyati addım kimi qəbul etməlidir.
Təhməz Əsədov