Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2021 05:03
Hamiləlik zamanı qadının orqanizmində çox ciddi dəyişikliklər baş verir. Bu dəyişikliklər qadının dərisinin vəziyyətinə də təsir edir.
Ən xoşagəlməz hal dəridə gərilmələrin əmələ gəlməsi. Döl böyüdükcə dəri çox güclü dartılır. Bir çox qadınlarda dərinin alt qatı bu gərginliyə tab gətirmir və cırılır. Dəri özünü tez bərpa etsə də, dəridə çapıqlar qalır. Bu çapıqlar dərinin üzərində qırmızı-göy zolaqlar kimi görünür. Müəyyən vaxt keçdikdən sonra çapıqlar ağarır. Bu ağ parıldayan çapıqlar dərinin üzərində əksər hallarda həmişəlik qalır. Bu məhz gərilmələrdir (onları həmçinin "striya"lar adalndırırlar). Gərilmələr əsasən qadınların qarın nahiyəsində və bir çox hallarda döşlərin və budların üzərində əmələ gəlir.
Bəzi sadə vasitələrin köməyi ilə gərilmələrin əmələ gəlməsini azaltmaq mümkündür. Bu vasitələrin arasında:
- Düzgün və sağlam qidalanma. Meyvə-tərəvəz, süd məhsulları, balıq dərinin vəziyyətinə müsbət təsir edir, onun elastikliyini artırır.
- Xüsusi krem ya yağlar. Bu krem və yağları hamiləliyin əvvəlindən sonuna kimi istifadə etmək olar. Bu vasitələrin tərkibinə təbii yağlar, vitaminlər, kollagen daxildir. Gərilmələr əleyhinə vasitələr dərinin elastikliyini artırır, dərini möhkəmləndirir ki, bunun nəticəsində gərilmələr daha az-az əmələ gəlir. Bu vasitələr gündə bir neçə dəfə dərinin problemli zonalarına çəkilməlidir.
- Ev şəraitində çox təsirli gərilmələr əleyhinə vasitələri hazırlamaq olar. Misal üçün, zeytun yağı və badam yağı qarışığı, zeytun yağı ilə ərik yağı qarışığı. Adi uşaq yağları (tərkibində çobanyastığı, aloe olan) da çox yaxşı kömək edir.
- Kontrast duş (soyuq və isti suyun növbələşməsi) dərinin vəziyyətinə çox müsbət təsir edir, dəridə gərilmələrin əmələ gəlməsinə mane olur. (Kontrast duş istifadə etdikdən əvvəl ginekoloqla məsləhətləşin). Duşdan sonra dərini yüngülcə massaj edin.
- Hamilə qadınlar üçün olan xüsusi bandajlardan (həkimlə məsləhətləşdikdən sonra) və büstqalterlərdən istifadə edin. Onlar dərinin dartılmasına mane olur.
Hamiləlik zamanı növbəti dəri problemi - dəridə piqment ləkələrin əmələ gəlməsidir. Onlara "meazma" və ya "xloazma" deyilir. Əksəh hallarda tünd ləkələr alın və yanaq nahiyələrində əmələ gəlir. Bunun səbəbi hamilə qadının orqanizmində hormonal fonun dəyişilməsidir. Bu ləkələr doğuşdan sonra adətən yox olur.
Ləkələrin əmələ gəlməsinin qarşısını almaq üçün hamilə qadın özünü gün şüalarından qorumalı, gündən qoruyan kremlərdən, iri gün eynəklərdən, şlyapalardan, çətirlərdən istifadə etməlidir.
Hamiləlik zamanı qadının dərisinin yağlılığı artır. Bunun səbəbi hamilə qadının orqanizmində hormonların artmasıdır. Hormonlar piy vəzilərin fəliyyətini stimullaşdırır və nəticədə dəri daha yağlı olur. Məhz bu səbəbdən hamilə qadınların bir çox hissəsi sızanaqlar, səpgilər və s. problemlərdən əziyyət çəkir. Dərini yaxşı təmizləyin, həftədə 1-2 dəfə skrabdan istifadə edin, dərinin məsamələrini kiçildən xüsusi vasitələrdən, losyonlardan, təmizləyici maskalardan istifadə edin.
Əgər dəri çox pis vəziyyətdədirsə, dermatoloqa müraciət edin. Lazım olduqda həkim müalicə təyin edəcək.
Hamiləlikdən sonra əksər hallarda dəri öz normal yağlılığına qayıdır.
Hamiləlik zamanı üz dərisində kapilyarlar bəzən daha aydın görünməyə başlayır. Bu da təhlükəli deyil və hamiləlikdən sonra keçir.
Hamiləliyin sonuna yaxın qadınların əksəriyyətini qarının nahiyəsində dərinin quruluğu və qaşınması çox narahat edir. Qaşınmasını azaltmaq üçün dəriyə yağlı krem çəkin, duş qəbul etdikdə xüsusi duş kremlərindən (sabundan yox!) istifadə edin.
Hamiləliyin 4-cü-5-ci aylarında qarının dərisində tünd zolaq (göbəkdən qasıq nahiyəsinə kimi) əmələ gəlir. Bu zolaq hamiləlik üçün xarakterlidir. Zolaq hamiləlikdən sonra adətən yox olur.